Ronald Reyqan öz xarici siyasi böhranları haqqında

Official_Portrait_of_President_Reagan_1981

ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın «Məşvərət»in oxucularına təqdim olunan qeydləri onun «Amerikansayağı həyat» («An American Life», Simon & Shuster, 1990) adlanan xatirələr kitabından götürülüb və bu gün Azərbaycan üçün aktual olan mövzuya – ölkənin böhran şəraitində idarə edilməsinə həsr olunub. Əlbəttə, Reyqanın əsasən ABŞ kimi fövqəldövlətin siyasi elitasına yönəlmiş təcrübəsi və məsləhətləri doqquz milyonluq Azərbaycana az uyğundur. Amma, hər halda, ABŞ-ın maraqlarına toxunan xarici siyasi böhranlar zamanı onun necə hərəkət etməsi haqqında məlumatı bu qeydlərdən almaq olar.
RONALD REYQAN ÖZ XARİCİ SİYASİ BÖHRANLARI HAQQINDA
LİVAN
“Artıq 1984-cü ilin əvvəlində lap aydın oldu ki, öz iradəmizin əleyhinə bizim qoşulduğumuz vətəndaş müharibəsinə son qoyulmasını Livan ordusu ya istəmir, ya da bacarmır. Müharibənin uzun çəkəcəyi aydın görünürdü. Dəniz piyadaları hələ də snayperlərin nişanında saxlandığı və toplardan atəşə tutulduğu üçün mən onların 6-cı donanmanın gəmilərinə yerləşdirilməsi əmrini verdim. Bu ölkədə sülhün qorunub saxlanılması üçün qan tökən dəniz piyadaları dislokasiya yerini dəyişdilər.
Beləliklə, biz Livandan getməli olduq. Artıq bu zaman səylərimizin əbəs olması hamıya aydın idi. Əsl müharibənin aparılması barədə heç söhbət də ola bilməzdi. Lakin əsgərlərimizin əl-qolunu bağlamış kimi terrorçuların zərbələri altında qoyaraq vətəndaş müharibəsində sanki yarımçıq iştirak etməklə Livanda da qalmaq olmazdı.
Biz kömək etməyə çalışdığımız Livan ordusunun silahı sadəcə yerə qoyub öz yurddaşları ilə döyüşməkdən imtina edəcəyini bəlkə də öncədən görə bilərdik. Hər bir halda mən dəniz piyadalarının Beyruta göndərilməsi barədəki qərarımdan peşman olmuşam və onların məhvi mənə böyük dərd olub.
Mənim inzibati idarəm Livanın acı təcrübəsinə əsaslanaraq xaricdə hərbi qüvvənin tətbiqi  prinsiplərini işləyib hazırlayıb. Mən Amerikanın gələcək prezidentlərinə də bu prinsipləri əldə rəhbər tutmağı məsləhət görərdim. Budur onlar:
  1. Əgər bizim həyati mühüm maraqlarımıza toxunulmayıbsa ABŞ ölkədən xaricdə hərbi əməliyyatlar aparmamalıdır.
  1. Əgər ölkə xaricində hərbi aksiyanın keçirilməsi qərarı verilərsə qələbə mütləq təmin edilməlidir. Heç bir halda yarımçıq, yaxud təxmini tədbirlər həyata keçirilməməlidir. Dəqiq ifadə edilmiş gerçək məqsəd olmalıdır.
  1. Silahlı müdaxilə barədəki qərar bizim uğrunda mübarizə apardığımız işi Amerika xalqının və Konqresinin dəstəkləməsi və niyyətlərimizlə razı olması əzmiylə təsdiqlənməlidir (hökumət məhz Amerika xalqının onun tərəfində olduğuna öncədən əmin olmadan hərbi aksiyaya başladığı üçün Vyetnam faciəyə çevrildi).
  1. Hətta bütün bu şərtlərə riayət olunduğu zaman daha heç bir seçimin qalmadığı son halda hərbi aksiya barədə qərar verilə bilər.
«SOLİDARNOST» VAXTLARINDAKI  POLŞA
«Polşada ayılma və sovet kommunizminin ideyalarından qurtuluş prosesi başlayırdı. O vaxt bunun Şərqi Avropadakı gələcək tarixi hadisələrin müjdəçisi olduğunu biz hələ anlamırdıq. Polşa qoçaqları özündən savayı digər hər hansı bir hakim, yaxud nüfuzlu orqanın yaranmasını yasaqlayan hökumətin iradəsinin ziddinə olaraq əsas insan hüquqlarından birinin həmkarlar ittifaqlarının təşkili hüququnun tələbiylə çıxış edirdilər.
Lakin  rəşadətli və təbii azadsevərlik dalğasının yatmadığını görən Polşanın kommunist liderləri Lex Valensanın təsis etdiyi «Solidarnost»un tələblərini minimal ödəməyə məcbur olaraq bu həmkarlar ittifaqını tanıdılar.
Moskva 1981-ci ilin yazında Polşa sərhədi boyunca hərbi manevrlərə başlamaqla bu kimi itaətsizlik əməllərinə qarşı cavab verdi. Varşavada fövqəladə vəziyyət elan olundu, başlanan liberallaşma prosesinin dayandırılması əmri verildi. Artıq o zaman Polşanın iqtisadiyyatı süquta doğru gedirdi və xalqın tələbatını təmin etmək  imkanında deyildi.  Elə bu zaman Moskva kreditləri kəskin ixtisar edərək onu tam iflas həddinə çatdırdı.
Mənə belə gəlir ki, Polşada həyəcanlı olaylar baş verirdi. «Dəmir pərdə» arxasından insanın ən əsas və qarşısıalınmaz arzularından biri olan azadlıq arzusu özü üçün həyata yol açırdı. Bu, kommunist totalitarizmi istinadgahının ilk çatıydı.
Polşada baş verənlər bütün Şərqi Avropanı da bürüyə bilərdi. Lakin biz öz fəaliyyətimizdə məhdud idik və buna görə də qarşımızda bir sıra problemlər durdu».
Özünün azadlığı uğrunda mübarizəsini dəstəklədiyimizi Polşa xalqına çatdırmağı arzulasaq da inqilab zamanı onlara hərbi yardıma hazır olduğumuz kimi yanlış təsəvvürlər yaradacaq hərəkətə yol verə bilməzdik. Kömək göstərməyi çox istəsək də bizim adamlar Polşada baş verən hadisələrin hamısını dəstəkləyə bilməzdilər, xüsusən də Polşa hökumətinin sovet qoşunlarının yeridilməsini tələb etdiyi anlaşılmaz bir vəziyyətdə.
Biz ölkənin dağılan iqtisadiyyatına dayaq vermək fikrində deyildik, amma eyni zamanda başa düşürdük ki, əgər iqtisadi iflas baş verərsə o, güclü xalq üsyanına təkan verə bilər. Bunun yatırılması üçün də sovet tankları yeridilə bilər və beləliklə də, yaranmaqda olan demokratik hərəkat süquta uğrayar.
Polşanın işlərinə sovet hərbi müdaxiləsinə qarşı bütün mümkün diplomatik vasitələrlə müqavimət göstərəcəyimiz barədə Moskvaya məlumat vermişdik. Yazın sonunda kəşfiyyat xidməti Polşaya hazırlanan müdaxilə barədə xəbər verdi. Buna görə də mən belə hərəkətlərin ABŞ və Qərb ölkələrində mənfi reaksiya doğuracağı barədə Brejnevə məktub yazdım. Mən bəyan etdim ki, belə müdaxilə baş verərsə Sovetlər nüvə silahları sahəsindəki yeni razılaşmaları, eləcə də ABŞ-la ticarət münasibətlərinin yaxşılaşmasını unuda və ən sərt iqtisadi tədbirləri gözləyə bilər. Brejnev cavabında dedi ki, Polşada baş verən olaylar Polşa hökumətinin daxili işidir və ABŞ-ın Polşadakı vəziyyətə münasibəti SSRİ-ni maraqlandırmır.
Moskva ilə sonrakı yazışmalarımızda «Brejnev doktrinası»ndan əl çəkməkdən imtina edilməsi daim səslənirdi, mən isə öz tərəfimdən belə siyasətin perspektivsizliyi barədə dediklərimi davam etdirirdim.
Nəhayət, bazar günü dekabrın 13-də Polşa və Moskva konkret tədbirlər gördülər. Polşa hərbi hökuməti heç bir xəbərdarlıq etmədən sərhədi bağladı, «Solidarnost»un öndərlərini həbsə aldı və ölkədə hərbi vəziyyət yaratdı.
Bu gedişat qabaqcadan bildirdiyimiz hərbi müdaxilə üçün yetərli deyildi. Mən bu yaxın vaxtda Polşada baş verən hadisələrdə SSRİ-nin rolunu daha kəskin ifadələrlə məzəmmətləyən məktubu Brejnevə göndərdim.
Yeni il qabağı mən Polşa və SSRİ-yə qarşı tədbirlərin həyata keçiriləcəyini və bununla da Polşada insan haqlarının pozulmasına mənfi münasibət bildirdiyimizi elan etdim. Biz taxıl satışı haqqında yeni uzunmüddətli saziş üzrə danışıqları müvəqqəti dayandırdıq, ABŞ-a Aeroflotun reyslərini yasaqladıq, mütəxəssislər mübadiləsi üzrə bir neçə proqramı ləğv etdik. Bundan əlavə, SSRİ üçün xüsusən mühüm olan sənaye mallarının SSRİ-yə nəqlinə embarqo qoyduq. Bunların sırasında Transsibir qaz boru kəmərinin quraşdırılmasında istifadə olunan boruçəkənlər də vardı.
Mən bu siyasətin dəstəklənməsi xahişi ilə Avropalı müttəfiqlərimizə müraciət etdiyim zaman pərt oldum. Onlar ruslara etimadsızlığın göstərilməsinə razılaşdılar, bu zaman qaz boru kəməri üzrə işlərin dayandırılması ilə yox. Bəzi müttəfiqlərin reaksiyası onlar üçün prinsiplərdənsə pulun daha vacib olması fikrini doğururdu.
FİLİPPİNƏ DEMOKRATİYA NAMİNƏ MÜDAXİLƏ
1984-cü ilin sentyabrında Filippində hökumət əleyhinə əhval-ruhiyyə artmaqdaydı və onun genişlənməsinə imkan verilsəydi o, kommunist üsyançıların fəaliyyətinin canlanmasına gətirib çıxara bilərdi. Mənim yanıma Vaşinqtona gələn Filippin kardinalı Ceyms Sinin fikrincə, Markos getməliydi. Onun mülahizələrinin qızğınlığı məni təəccübləndirdi, lakin mən konkret heç nə vəd etmədim.
Filippinin gələcəyinin ABŞ üçün böyük əhəmiyyəti vardı. Bizim Filippindəki hərbi bazalarımız, «Klark» hərbi-hava və «Subik-Bey» hərbi-dəniz bazalarımız Sakit okeanın qərb hissəsində müdafiəmizin əsasıydı və bizim Markosdan etibarlı müttəfiqimiz yox idi.
Kardinal Sinin gəlişindən sonra fevralda Maniladakı amerikalı diplomatlar Markosda ciddi böyrək xəstəliyinin artması və onun gündəlik iş qabiliyyətinin iki saata enməsi haqqında xəbər verdilər. Onların məlumatına görə, Markosun arvadı İmelda prezidentin əvəzinə bütün məsul qərarları özü qəbul edərək heç kəsi ona yaxın buraxmırdı. Amma onlar etiraf edirdilər ki, Markos əvvəlki kimi kommunistlər əleyhinə ən yaxşı vasitə olaraq qalmaqdadır və biz onu dəstəkləməkdə davam etməliyik.
Bir qədər sonra, elə həmin il mənə Maniladakı səfirimiz Stiven Basuortdan Filippində üsyançı kommunistlərin siyasi uğurları haqqında məlumatlar gəlməyə başladı. Mən bu məlumatın yoxlanılması üçün senator Pol Laksaltı Manilaya göndərdim. O, Markos əleyhinə artmaqda olan ictimai qəzəb faktını təsdiqlədi. Markosun diktator olmadığını öz xalqına və bütün dünyaya sübut etmək üçün Pol onu növbəti fevrala prezident seçkisi təyin etməyə razı saldı. Markosun keçmiş rəqibinin dul qadını Korason Akino onun rəqibi oldu. O zaman hamını bir sual düşündürürdü, Markos azad və ədalətli seçkilərə yol verəcəkmi?
1986-cı ilin fevralında, dərhal seçkilərdən sonra mənə aydınlaşdı ki, biz hakimiyyəti itirməkdə olan Markosu Filippindən çıxarmalıyıq. Markosun təşkil etdiyi seçkilərin ədalətliyinə əmin olmaq üçün Manilada olmuş Konqres nümayəndələriylə görüş zamanı mən bunun zəruriliyi qənaətinə gəldim. Onlar seçki bülletenlərinin saxtalaşdırılmasına dair təkzibedilməz dəlillərin açıq-aydın mövcudluğunu bəyan etdilər.
Mən Manilaya beynəlxalq vəziyyətlərin qaydaya salınması üzrə mütəxəssisimiz Həbibi göndərdim. O təsdiq etdi ki, Markos seçkilərdə qələbəsini saxtakarlıq yoluyla təmin edib və qanuni qalib xanım Akinonun xeyrinə hakimiyyət çevrilişi qaçılmazdır. Maniladakı hadisələr hədsiz sürətlə inkişaf edirdi: iki ali hərbi rəhbər, müdafiə naziri və general-leytenant istefa verdilər, Akinonu dəstəklədilər, Filippin ordusunun bir hissəsini öz nəzarətinə götürdülər və Markosu istefa verməyi çağırdılar.
Fevralın 23-də Kemp-Deviddə mənə dedilər ki, Markos və ona sadiq general Fablan Ver ordunu və tankları Ramos və Enriliyə sadiq hissələrin üzərinə qaldırıblar. Yüz minlərlə insan tankların yolunu kəsərək onları geri dönməyə məcbur etdi. Mən Markosa qüvvə tətbiqindən imtina etməsinə çağıran yazılı müraciətimi göndərdim. Ağ Evin məşvərət otağındakı ciddi beynəlxalq böhranlar zamanı bizim yığıldığımız iclasda C.Buş, C.Şults, Kep Uaynberger, Don Riqan, Fil Həbib, Bill Keysi və milli təhlükəsizlik üzrə köməkçi Con Poyndekster, eləcə də Dövlət Departamenti və digər qurumlardan ekspertlər iştirak edirdilər.
Mənim üçün bütün faktları nəzərə almaqla qərar qəbul etmək asan idi, amma bu, mənə xüsusi bir zövq də vermirdi. İştirakçılar razılaşdılar ki, Manilada qan tökülməməsi üçün mümkün olan şeylərin hamısı edilməlidir və vətəndaş müharibəsinə yol verilməməlidir.  Bu zaman mən bir vaxt digər keçmiş müttəfiqimiz İran şahı ilə gözəl olmayan rəftarımız kimi Markosla da eyni cür davranmayacağımıza əmin olmaq istəyirdim. Mən eyni zamanda Filippinin yeni hökumətiylə yaxşı münasibətlərin qurulmasının mümkünlüyünü də anlayırdım.
Mən Markosa Filippindən getməyi  təklif etməyi və ona ailəsilə birlikdə ABŞ-da sığınacaq verməyi qərara aldım. Mən söylədim ki, biz ona vəziyyətinin bütün ümidsizliyini və acınacaqlılığını başa salmalıyıq və onu hakimiyyətdən könüllü əl çəkməyə inandırmalıyıq. Prezident Markos inad göstərdi və ölkəni idarə etməyi bacarmadığını boynuna almadı. Mən şəxsi məktubumun ona təsir edəcəyini söylədim, çünki zorakılıq baş verərsə  Filippinə yardımı davam etdirə bilməyəcəkdim. Biz öz iradəmizi başqalarına aşılamamalıyıq. Bizim edə biləcəklərimiz məktub göndərmək və dua etməkdən ibarətdir.
Filippindəki vəziyyət pisləşdi. Markosun və general Verin ailələri sarayı tərk edib aeroporta yollandılar. Görünür, sonra general Ver onları dilə tutub yola düşməkdən çəkindirdi. Prezident və general saraya qayıdıb televiziya ilə çıxış etdilər.  Onların arasında mübahisə düşdü. General Markosun rəqiblərinin tərəfinə keçən hərbçilərə divan tutulmasında israrlıydı. Prezident bunun qəti əleyhinəydi.
Mən prezidentə göndəriləcək məktubun zorakılığa qarşı çağıran mətnini təsdiq etdim. Sonra Nensinin zəngi oldu: ona zəng edən Markosun arvadı İmeldaya nə deməli? Elə bu zaman Pol Laksolt, C.Şults, Con Poyndekster və Don Riqan Polun Markosa zəngi ilə əlaqədar yanıma gəldilər. Biz ona, onun getməsi haqqında mənim rəyimi, bizimsə onun təhlükəsizliyi və ona ABŞ-da sığınacaq verilməsi barəsində danışıqlarla məşğul olacağımızı söyləməyi qərara aldıq. Əgər o, ömrünü sonacan Filippində keçirmək istəyirsə, nə olar, bunu da təşkil etməyə səy göstərərik.
Bu dəfə telefon fevralın 25-də 6.45-də zəng çaldı. Mənə deyildi ki, prezident Markos, onun ailəsi və yaxın ətrafı bizim aviabazamız «Klark»dadırlar. Onun hara yola düşməsi bizə hələ məlum deyildi, özü isə Filippində qalmaq istədiyini deyirdi. Luson adasının şimal hissəsində onun malikanəsi vardı. Biz Akino ilə əlaqəyə girmək və təhlükəsizliyinə zəmanətin verilməsi şərtilə Markosun adalarda qalmasına icazə üçün Akinodan razılığın alınmasına səy göstərmək barədə səfirə sərəncam verdik.
Gün ərzində məlum oldu ki, Akino bu sövdəyə getməyəcək. Yeri gəlmişkən, o, ciddi xəstədir və yataqdan qalxmır. Axşam məlum oldu ki, o, özünə yaxın şəxslərlə Quam adasına uçub. Onu təyyarədən xərəkdə çıxartdılar. Havay adalarında məskunlaşan Markoslar bir neçə dəfə Nensiylə, mənimlə, Pol Laksoltla əlaqəyə girib özlərinin hələ də Filippinin prezidenti və birinci xanımı olaraq qaldıqlarına bizi inandırmağa çalışdılar. Lakin biz heç nə edə bilməzdik. Biz Korasan Akinonu Filippinin qanuni seçilmiş prezidenti kimi tanıdıq və ona öz köməyimizi təklif etdik.
Hikmət Hacızadə. Bakı, 1996