
Ərzurum üsyanı 20 iyun 1890-cı ildə baş vermişdir. O zaman vali olan Samih Paşaya və digər bəzi məsul şəxslərə ermənilərin Rusiyadan silah və cəbbəxana gətirdikləri və bunları Sansaryan məktəbində və kilsələrdə gizlətdikləri xəbər verilmişdi. Həmin il iyul ayı ərzində bələdiyyə və polislərlə birlikdə kilsədə axtarış aparılmasına təşəbbüs göstərilmişdir. Ancaq ermənilər daha öncə bu haqda xəbərdar olduğundan lazımi tədbirləri almış və müqavimət üçün hazırlaşmışdılar.
İlk əmrdən sonra Daşnak Komitəsinə mənsub ermənilər hadisə yerinə gələn əsgərlərə atəş açaraq bir zabit və iki giziri vurdular. Bundan əlavə bir polis də ermənilər tərəfindən vurularaq öldürüldü. Lakin bütün bunlara baxmayaraq kilsədə axtarış aparıldı. Olayı şəxsən görən bir erməni Amerikada dərc olunan və ermənicə yayımlanan “Hayrenik” qəzetində 1927-ci ildə Ərzurum olayının ildönümündə yazılan ayzıda bunları açıqlamışdır:
“Sansaryan məktəbinin banisi 1890-cı ildə öldü. Ruhunun istirahəti üçün ayin təşkil olundu, yas tutuldu. Hökümətə məktəbdə bir silah atelyesi olduğu xəbər verilmişdi. Xəbər verənlərin erməni katolik papazların olduğu güman edilirdi. Axtarışdan bir müddət əvvəl özünümüdafiə təşkilatına mənsub Köpək Boqos adlı bir şəxs iki saat ərzində məktəbdə axtarış aparılacağını xəbər verdi. Dərhal milli tarix kitabları, dəftərlər, ilk baxışdan diqqət cəlb edən hər şey gizlədildi. Axtarış nəticəsində əhəmiyyətli bir şey tapılmadı. Bundan sonra ermənilər “Türklərin kilsəyə girməsi murdarlıqdır!”, – deyə bağırmağa başladılar. Daha sonra Daşnaksütun Komitəsi Ərzurum Mərkəzinin qərarı ilə öldürülmüş Özünümüdafiə Cəmiyyəti qurucularından olan Qergesyanın adamları yerli sakinlər arasında propoqanda apararaq xalqı türklərə qarşı qaldırmağa başladılar. Bunun nəticəsində dükanlar bağlandı, kilsələrdə ayinlər qadağan edildi, kilsə zəngləri çalınmadı. Şəhərdə yaranmış vəziyyətə ermənilər nəzarət edirdilər. Bu fürsətdən istifadə edən üsyançılar “Ermənilər üç gündür azaddırlar və bu azadlığı silahla qoruyacağıq!”, – deyə bağırır və hökümətin vergiləri azaltmasını, hərbi xidmətin ləğv olunmasını, müqəddəsliyi tapdalanmış kilsənin uçurularaq yenidən tikilməsini, Berlin müqaviləsinin 61-ci maddəsinin yerinə yetirilməsini tələb edirdilər. Ermənilər üç-dörd gün boyunca məzarlıqlarda, kilsədə və məktəb həyətində qaldılar. Ermənilərin dağılması üçün səy göstərən erməni ziyalılarının bir çoxu üsyançılar tərəfindən döyüldü. Hökümətin verdiyi əmrə riayət olunmadı. Komitə üzvləri küçə-küçə dolaşaraq xalqa cəsarət verirdilər. Bu sırada Qergesyanın qardaşı atəş açaraq iki giziri öldürdü. İki tərəf arasında təxminən iki saat çəkən atışma nəticəsində hər iki tərəfdən yüzdən çox ölü, iki yüz – üç yüz isə yaralı var idi. Səhəri gün Ərzurumdakı xarici ölkə konsulları şəhəri gəzdilər. Vəziyyət acınacaqlı idi. Konsullara ermənilər adına arayış vermiş həkim Aslanyan rəsmi şəkildə dövlət tərəfindən axtarılması səbəbilə şəhərdən qaçmışdı”
Türk dilindən tərcümə etdi: Şahin Musavi
