Pakistan, Hindistan və Çinin Kəşmir siyasəti. Strateji dərinlik savaşı.


kashmir_disputed_2003 

İkinci dünya müharibəsinin sona çatmasilə Böyük Britaniya müstəmləkələrində də azadlıq hərəkatı başlanıldı. Böyük Britaniyanın müharibədən xeyli ziyanla çıxması, azadlıq hərəkatının geniş vüsət aldığı Hindistana və digər ölkələrə əsgər göndərə bilməməsi onu güzəştə getməyə məcbur etdi. Nəticədə, Böyük Britaniya “Indian Independece Act” (1947) sənədini qəbul etdi. Cinnənin rəhbərlik etdiyi müsəlman əhali yaşayan qərbi Hindistan ayrılaraq Pakistan adı altında müstəqil oldu. İngiltərə həmçinin bu aktla yerdə qalan 562 knyazlığa sərbəst olaraq Pakistana və ya Hindistana birləşmək hüququ verdi. Cammu Kəşmir əyalətini həmin vaxt hind hərbçisi və dövlət nümayəndəsi Hari Sinqx idarə edirdi. Əhalinin böyük hissəsinin müsəlman olmasına rəğmən əhali 1947-ci ildə Hindistana birləşməni əks etdirən müqaviləni (Instrument of Accession) imzaladı. Bu hadisədən sonra uzun müddət davam edəcək və bir çox insan ölümünə səbəb olacaq Kəşmir münaqişəsi alovlandı. Hindistanın Kəşmiri ilhaq etdiyini elan etməsi ilə hərbi əməliyyatlar başladı. Kəşmir əyalətinin ən böyük hissəsi Hindistan idarəçiliyində olan Cammu Kəşmir bölgəsidir. Pakistan apardığı hərbi əməliyyatlarda isə yalnız Azad Kəşmir, Gilgit və Baltistan ərazilərini öz nəzarəti altına ala bilmişdir. Hərbi əməliyyatlar gedən ərəfədə Hindistan məsələni BMT TŞ-yə çıxardı. BMT TŞ-nin qəbul etdiyi 47 saylı qətnaməyə əsasən hər iki qoşun ərazini tərk etməli, bölgədər referendum keçirilməli və sərbəst seçim etməlidirlər. Pakistan bu qətnaməni əsas tutaraq tələblərini dilə gətirsə də, Hindistan qətnaməyə əməl etməmiş, bölgədə referendum keçirilməsinə şərait yaratmamışdır. Bundan əlavə, 1962-ci ildə Hindistanla Çin arasında baş vermiş sərhəd toqquşmaları nəticəsində Hindistan məğlub olmuş,  Çin Kəşmirin bir hissəsi olan Aksai Chin bölgəsinə nəzarəti ələ keçirmişdir və bununla da Hindistanın Çinlə yeni bir Kəşmir münaqişəsi başlamışdır. Lakin Çin tərəfi Aksai Chin bölgəsinin heç vaxt Hindistanın və Kəşmirin bir parçası olmadığını bəyan etmişdir.
1965 və 1971-ci illərdə təkrar hərbi əməliyyatlar başlamış, lakin məsələ yenə də çözülməmiş olaraq qalmışdır. 1971-ci il müharibəsində Hindistan Pakistanı məğlub etmiş, nəticədə Pakistanın “Şərqi Pakistan” əyaləti Banqladeş adı altında müstəqil bir dövlətə çevrilmişdir. Bu müddətdə Hindistan yeni yaranmış dövlətə maksimum dəstək verərək bölgədə bir çox üstünlüklər qazanmağa nail olmuşdur. Bu dövrdən etibarən hər iki ölkənin gəldiyi ortaq qərara əsasən atdıqları hər bir addımda BMT normalarını əsas götürəcəklərini bəyan etdilər.
1989-cu ildə Cammu Kəşmirdə Hindistana qarşı geniş xalq kütlələrinin üsyanı başladı. Pakistan əhalinin əksəriyyəti müsəlman olan əyalətin əhalisini asanlıqla Hindistana qarşı çevirə bildi. 1947, 1965, 1971 və 1999-cu ildəki toqquşamalar zamanı Pakistan ordusunun Hindistanla müqayisədə zəifliyi ciddi şəkildə hiss olunmağa başladı. Pakistan Hindistanın nüvə silahını nəzarətdə saxlamaq və bölgədəki gücü balanslaşdırmaq məqsədilə nüvə fəaliyyətinə başlamış və buna nail olmuşdur. 1979-cu ildə SSRİ-nin Əfqanıstana müdaxiləsi və ABŞ-ın Pakistan ərazisini Sovetlərə qarşı bir hərbi düşərgəyə çevirməsi, mücahidlərin Pakistanda təlim alması Pakistan mühitinə də təsirsiz ötüşmədi. Nəticədə, Pakistan dövlət rəhbərləri terror təşkilatları vasitəsilə Kəşmirə müdaxiləyə başladı və güclü Hindistan ordusunda çaxnaşma yaratmaq məqsədilə partizan müharibəsinə (Proxy War) başladı. Nəticədə, Kəşmirdə Hindistan ordusuna yönəlik terror təxribatları 1990-cı ildən sonra daha çox vüsət almağa başladı. Həmin dövrdə Pakistan Əfqanıstanı da nəzarət altına almaq üçün Talibanı yaratmış və Pakistan kəşfiyyatı ISI onlara hər cür texniki dəstəyi göstərmişdir. Kəşmirdə Hindistan ordusuna qarşı təxribatlar həyata keçirən şəxslər özlərinə “fədailər” adını vermişdilər. İlk vaxtlar yalnız təxribatla məhdudlaşan əməliyyatlar daha sonra yerini, 24 və 72 saatdan artıq sürən silahlı toqquşamalara verdi. Daha çox orduya və polisə aid məntəqələr hədəf seçilirdi, lakin bir müddət sonra terrorçular mülki şəxsləri də hədəfə almağa başladılar. Həmin dövrdə Kəşmirdə ən güclü müsəlman qrup “Hezb əl-Mucahidin” sayılırdı. Lakin bu fədailərin onlarla bir bağlılığı yox idi. Lakin daha sonra əməliyyatlarının hamısını “Ləşkər-i Tayyibə” silahlı qruplaşması öz üzərinə götürdü. Silahlı qruplaşmanın mərkəzi Pakistanda idi və rəhbərliyi də pakistanlın ruhanilərdən təşkil olunmuşdu. Hindistanın Pakistana cavabı çox sərt oldu və BMT-yə Pakistanı terrorizmi dəstəkləyən ölkə olaraq şikayət etdi. Hindistan rəhbərliyi bölgədə stabilliyi saxlamaq məqsədilə ciddi diktatura rejimi qurdu. Cammu Kəşmir açıq səma altında həbsxanaya çevrildi. Ordu hər şeyə nəzarət etməyə başladı. Gecələr küçəyə çıxmaq qadağan edildi. Şübhələndikləri hər bir şəxsi hüquqi əsas olmadan həbs etdilər, işgəncə verdilər, hətta edam etdilər. Cammu Kəşmir əyalətində hökümətin qurduğu ciddi hərbi rejim bir çox demokratiya və hüquq pozuntularına gətirib çıxardı. Lakin Hindistan höküməti bölgədə heç bir güzəştə getmədi. 1987-ci ildə Cammu Kəşmirdə baş verən üsyan Hindistanı “daxili təhlükəsizlik qanunu”nu qəbul etməyə məcbur etdi. Qərara əsasən, bölgədə orduya və polisə geniş səlahiyyət verilirdi. Kəşmir üsyanını həyata keçirən qrup özlərini “Kəşmir Azadlıq Döyüşçüləri” adlandırır və Pakistan radikal dinçi təşkialtları ilə heç bir bağlantılarının olmadığını vurğulayırdılar. Ancaq təşkilat daha sonra Pakistandan texniki dəstək aldığını etiraf etmişdir.
1999-cu ildə hər iki tərəf arasında tarixə Kargil müharibəsi adı ilə düşmüş hərbi əməliyyatlar başladı. Bölgə ilk dəfə idi ki, nüvə müharibəsi ilə üz-üzə qaldı. ABŞ dövlət rəhbəri Bill Klintonun Pakistan rəhbərliyinə göstərdiyi təzyiqlərdən sonra Pakistan güzəştə getməyə məcbur olmuş və qoşunlarını tutduğu ərazidən geri çəkərək danışıqlara başlamışdır.
11 iyun 2010-cu ildə Kəşmirin mərkəzi şəhərlərindən olan Srinaqarda geniş xalq kütlələrinin başladığı mitinq polislə sakinlərin qarşıdurmasına gətirib çxıardı. Polis mitinqi dağıtmaq üçün xalq kütlələri üzərinə atəş açdı. Nəticədə, 17 insan həlak oldu, 40-dan çox şəxs isə yaralandı.
BMT layihəsinə görə bölgədən hər iki ölkənin qoşunları çıxarılmalı və xalqa referendum keçirmək hüququ verilməli idi. Pakistan buna tərəf olsa da, Hindistan qətiyyən rədd edir. Çünki bölgənin 70%-ə yaxın əhalisinin müsəlman olması referendumun nəticəsini bəri başdan müəyyən edir. Həmçinin, 2010-cu ildə bölgədə sorğu keçirilmiş, 75% – 95% əhali Kəşmirin müstəqil dövlət olmasını arzulamışdır.
KƏŞMİRDƏ ÇİN FAKTORU
Çin tərəfinin iddialarına görə Kəşmirin bir parçası olan Aksai Chin bölgəsi heç vaxt Hindistanın bir parçası olmamışdır. Hələ 1950-ci ildə Çin Tibetdə başlayan xalq üsyanını yatırmaq üçün bu bölgədən keçmiş və üsyanı yatırmışdı. Hətta 1954-cü ildə Çin yarımçıq qalmış yolun çəkilməsi prosesini davam etdirmək üçün Hindistan hərbi birliklərinin bölgədən çəkilməsini tələb etmişdi. Çinin təhqiramiz tələbi Hindistanda etirazla qarşılanmış, xırda toqquşmalar olmuşdu. Hindistan tərəfinin iddialarına əsasən isə Aksai Chin heç vaxt Çin hakimiyyəti altında olmamış, Hindistanın – Kəşmirin bir parçası olmuşdur. Nəticədə, 1962-ci ildə Çinlə Hindistan arasında hərbi əməliyyatlar başladı. Hindistan məğlub oldu və geri çəkildi. Çin Aksai Chin bölgəsini nəzarət altına aldı. Həmçinin, 1963-cü ildə Qaraqorum bölgəsində yer alan Şaksgam vadisini Pakistandan danışıqlar yolu ilə alaraq öz ərazisinə qatması Hindistan tərəfindən ciddi etirazla qarşılandı.
1962-ci ildən etibarən Çin Kəşmir münaqişəsində Pakistanı dəstəkləməyə başladı. Həmçinin, 1964-cü ildə Çin nüvə silahı testini həyata keçirərək dünyanın 5-ci nüvə dövləti oldu.
1964-cü ildə Hindistan Kəşmiri özünün vahid və bölünməz hissəsi olduğunu elan etdi. Nəticədə, 1965-ci ildə ikinci Pakistan – Hindistan müharibəsi başladı. Pakistanın Kəşmirə girməsinə baxmayaraq Çin müharibəyə sərt reaksiya verdi. Nəticədə, hər iki tərəf atəşkəs haqda saziş imzalamağa məcbur oldu. Çin həmin dövrdə Pakistanla sıx iqtisadi əlaqələr qurmuşdu. Çin Pakistan vasitəsilə Bəsrə körfəzindən ölkəyə neft gətirilməsi üçün Pakistan ərazisində dəmir yolları tikintisinə davam edirdi. Buna görə də bölgənin stabilliyi Çin üçün xüsusi önəm kəsb edirdi.
NƏTİCƏ:
Hal – hazırda bölgədə əvvəlki kimi toqquşmalar olmasa da durum yenə də gərgin olaraq qalır. Hindistanın bölgədə 1,5 milyondan artıq hərbi gücünün qarşısında Pakistanın kölgə savaşını həyata keçirən qəbilələr durumu daha da çətinləşdirir. BMT qətnaməsinə rəğmən Hindistan bölgədə referendum keçirmir, Pakistan isə şiddət təxribatlarına davam edir. Bunun nəticəsidir ki, Kəşmir Hindistanın ən zəif inkşaf etmiş bölgəsi olaraq qalmaqdadır.
Məqalənin müəllifi: Şahin Musavi
ƏDƏBİYYAT:
  1. Samuel Hantinqton – “Sivilizasiyaların toqquşması”
  2. Ahmet Davutoğlu – “Srateji Derinlik”
  3. Tayyar Arı (1986), “Uluslararası Sistem Teorisi Açısından 1947-1972 Hindistan-Pakistan Çatışmasına Bir Yaklaşım”
  4. Sunanjan Das “Kashmir & Sindh Nation Building, Ethnicity and Regional Politics in South Asia”