
Azərbaycan Xalq Cumhuriyyəti 23 ay yaşamasına baxmayaraq daxili və xarici siyasətdə bir çox işlər görə bilmişdir. Ölkə xarici, həm də daxili təhdidlər əleyhinə mübarizə aparmış, AXC öndə gedənlərinin gərgin diplomatik səyləri nəticəsində respublika sərhədlərini mümkün olduğu qədər qorumuşlar. O zamankı hökümət rəhbəri, baş nazir Fətəli xan Xosykinin ingilis generalı Tomsonla söhbəti xüsusi olaraq maraqlıdır.İngilis generalının təhdid dolu çıxışlarına baxmayaraq Xoyski dövlətçilik nöqteyi nəzərindən yanaşaraq ona lazımi cavabı vermişdir. Bu haqda Nağı bəy Şeyxzamanlı öz xatirələrində daha dəqiq məlumatlar vermişdir. Həmin xatirələrdən ingilis generalı Tomsonla AXC Baş naziri Fətəli xan Xoyskinin söhbətini sizə təqdim edirik:
“…. Sonradan öyrənirik ki, Türkiyə Mondros sazişini yerinə yetirmək məcburiyyətində qalaraq ingilislərin İstanbulu işğal etmələrindən sonra burada qurulmuş Tefvik paşa kabineti teleqrafla türk ordusunun Azərbaycandan çıxmasını Nuru paşaya əmr etmişdir. Azərbaycan dövlətinin və xalqının istinadgahı olan Osmanlı dövləti çökmüş və Azərbaycan yalnız arxasız qalmışdır. Üç nəfərlik bir nümayəndə heyəti vaxtilə İran Ənzəlisinə sığınmış ingilis qüvvələrinin komandanı general Tomsonla görüşmək məqsədi ilə Ənzəliyə gedir. Birinci Dünya müharibəsindən qalib çıxan ingilis qüvvələrinin məğrur generalı Tomson heyəti ilə müzakirə aparmağı lüzum görməyir və son söz olaraq «Bizim öyrəndiyimizə görə Azərbaycan xalqının ümumi arzusundan doğan bir respubiika yoxdur. Ancaq Türk komandanlığının intriqası ilə təşəkkül tapmış bir hökumət vardır. Madam ki, siz bunun əksini iddia edirsiniz. O halda gəlib tədqiqat apararıq» deyir. Beləliklə, Azərbaycan xalqını və hökumətini saya salmayan general Tomson Ənzəlidə olan ingilis qüvvələrini Bakıya göndərir. Eyni zamanda rus generalı Biçeraxov da ruslardan və ermənilərdən təşkil olunmuş qüvvəsini Bakı limanına çıxarır. İngilislər və ruslar xalqı arasında ayrıayrı məzmunlu bəyannamələr yayırlar. Ermənilər və ruslar sevinc içərisində şənlik etdikləri halda, azəri türkləri isə kədərli, dərdli halda hökumətlərinin nə qərar verəcəklərini gözləyirdilər. Belə bir vəziyyətdə Azərbaycanın Dövlət rəisi mərhum Fətəli xan general Tomson ilə görüşür. Onların söhbətləri çox mübahisəli və sərt olur. General Tomson Azərbaycan Cümhuriyyətini tanımadığını, müttəfiqi olan rusların torpağına gəldiyini söyləyir. Fətəli xan isə Azərbaycan
xalqının qərarı və istəyi ilə Azərbaycan Cümhuriyyətinin və istiqlalının elan edildiyini və bunun bütün dünya dövlətlərinə bildirdiyini söyləyir. Fətəli xan sözlərinə davamla: «Siz böyük bir millət və böyük bir imperiyasınız. Eyni zamanda mədəni bir miilətsiniz. Bizim istiqlaliyyətimizi tanımalısınız» deyir. General Tomson da: «Bu söylədikləriniz siyasi şeylərdir və iki dövlət arasında cərəyan edər. Halbuki mən bir əsgərəm» cavabını verir. Fətəli xan da: «Madam ki, siz əsgərsiniz, mən də istiqlaliyyətini elan etmiş Azərbaycan Cümhuriyyətinin baş naziriyəm. Biz sizi buraya dəvət etmədik. Sizdən ölkəmizi tərk etməyi tələb edirəm» deyir. Bu cavab qarşısında general tomson tərcüməçiyə dönərək «Baş nazir həzrətlərinə söyləyin ki, hər hansı bir hərbi qüvvəni çıxarmaq üçün hərbi qüvvəyə sahib olmaq gərək. Bildiyimə görə qurduğunuz Cümhuriyyətin ordusu hələ qurulmamışdır» deyir. Fətəli xan tərcüməçiyə: «General həzrətlərinə söyləyin ki, o yalnız hərbi birliyə malikdir. Ya xalq qüvvələrin nə olduğunu bilmir və ya hər xalqı Hindistan xalqı zənn edir. Biz Azərbaycan Türkləri istiqlaliyyətimizi elan etməmişdən öncə 100 minə qədər rus əsgərini xalq qüvvələrimizin gücü ilə süpürüb sərhədlərimizdən kənara atdıq. Əgər inad edərlərsə, bir ovuc ingilis əsgərini dənizə tökmək qəhrəman xalqımızın gücü ilə bir neçə saatlıq məsələdir. Ancaq biz nə onlardan pislik görmək, nə də onlara pislik etmək istəyirik» cavabını verir.
MƏNBƏ: Nağı Keykurin “Nağı Şeyxzamanlının xatirələri və istiqlaliyyət fədailəri”. Bakı 2007
Kitabı yükləmək üçün tıklayın : Nağıbəy Şeyxzamanlının xatirələri və istiqlaliyyət fədaisi
