
1804-cü il dekabrın 2-də Parisin Notr-Dam kilsəsində Napoleonun tacqoyma mərasimi keçirildi. Bütün saray əhli, generalitet, papa və kardinallar onun tacqoyma mərasimində iştirak edirdilər. Napoleon tacqoyma mərasiminin əsas hissəsində əvvəlcədən qəbul edilmiş qərara rəğmən, papa üçün tamamilə gözlənilməz olan son dərəcə xarakterik dəyişiklik etdi: təntənəli anda – VII Piy Müqəddəs Pyotr taxtındakı sələfinin on əsr bundan əvvəl həmin tacı Böyük Karlın başına qoyduğu kimi, böyük imperator tacını qaldırıb imperatorun başına qoyarkən Napaleon tacı qəfildən papanın əlindən alaraq özü başına qoydu. Bundan sonra onun arvadı Jozefina imperatorun önündə diz çökdü və Napoleonun özününkündən bir qədər kiçik tacı onun başına qoydu. Tacqoyma mərasimi belə başa çatdı. Lakin Napaleon bu aramsız bayram günlərində imperiya qarşısında yeni təhlükə törəndiyini hiss edirdi. O, hələ tacqoyma mərasimindən əvvəl Kiçik Uilyam Pittin Kadudalın sui-qəsdi iflasa uğradıqdan sonra (Kadudal normandiya üsyançısı idi və ingilis höküməti Napaleonu öldürmək üçün onun təlimatlandırmışdı. Lakin o Napoleonun lojasına yaxınlaşan an Fuşenin agentləri onu zərərsizləşdirmişdilər – Ş.M) inqilabi müharibələrin başlanğıcından etibarən Fransa əleyhinə yeni, artıq sayca üçüncü diplomatik koalisiya yaratmaq üçün ikiqat fəallıqla çalışdığına və həmin koalisiyanın əslində artıq mövcud olmasına dair şübhə yeri qalmayan bir sıra kəşfiyyat məlumatları almışdı.
“Napoleonun tacqoyma mərasimi” Jak Lui David, 1804
Üçüncü koalisiyanın darmadağın edilməsi
1805-ci ildə Napoleonun qarşısında üçüncü dəfə olaraq birinci dərəcəli Avropa dövlətlərinin qüdrətli ittifaqı durmuşdu. Napoleon 1804-1805-ci illərdə İngiltərə hüdudlarında “imperialist müharibəsi”, “Londonun və İngiltərə bankının alınması” barədə düşünürdü. Lakin bu müharibəni o, həmin rəqiblə ancaq 1805-ci ildə aparmalı oldu və onu London deyil, Vyana yaxınlığında başa çatdırdı.
Uilyam Pitt milyonlarla qızıl funt-sterlinqləri əsirgəməyib yeni koalisiyanı hazırlamağa başladı. Özünə güvənən İngiltərəyə əsl çaxnaşma düşdü. Napoleonun hazırladığı Bulon düşərgəsi böyüyərək qorxunc hərbi düşərgəyə çevrilmişdi. Mükəmməl, nəhəng, çox gözəl təchiz olunmuş ordu Bulonda dayanaraq La Manşa duman çökməsini və gəmilərə minmək işarəsini gözləyirdi. Beləliklə, İngiltərə bütün ümidini koalisiyaya bağlamaq məcburiyyəti qarşısında qaldı.
Avstriya yeni müharibə ideyasına rəğbətlə yanaşırdı. Lünevil sülhünə o, son dərəcə böyük itkiyə məruz qalmışdı. Başlıcası isə, Bonapart kiçik qərbi və şərqi alman dövlətləri ilə istədiyi kimi rəftar edirdi. Buna görə də Avstriya imperiyasından ötrü yeni müharibə onun ikinci dərəcəli dövlətə çevrilməkdən xilas olması üçün yeganə ümid yeri idi. Burada hələ üstəlik müharibəni ingilislərin hesabına aparmaq fürsəti də ələ düşmüşdü. Uilyam Pitt demək olar ki, Avstriya ilə davam etdirilən bu gizli danışıqlarla bir vaxtda Rusiya ilə də eyni cür danışıqlar aparırdı.
Napoleon İngiltərənin kontinentdəki müharibədə Rusiya və Avstriyanın onun əvəzinə vuruşacağına güclü ümid bəslədiyini bilirdi. O, həmçinin, məhz Napoleonun artıq Lünevil sülhündən sonra Qərbi Almaniyadakı istilalarından qorxuya düşən Avstriyanın Britaniya kabinetinin təlqinlərinə çox diqqətlə qulaq asdığını da bilirdi.
Rus imperatoru I Aleksandr Pavloviç taxta çıxan kimi atasının Napoleonla ittifaq barədə başladığı bütün danışıqları kəsdi. Napoleon I Pavelin ölümündə Britaniya səfirliyinin əli olduğuna şübhə etmirdi. Belə ki, bu hadisənin hazırlanmasında Aleksandr özü də mühüm rol oynamışdı. Bununla yanaşı gənc çar İngiltərəyə kənd təsərrüfatı xammalı və taxıl satan dvoryan ların ölkə ilə çox yaxın dostluq əlaqələri saxlamaq istədiyini də bilirdi.
Artıq 1804-cü ilin əvvəllərində belə fikirləşirdilər ki, İngiltərə, Avstriya, Neapol krallığının, həmçinin Napoleonun Reyndəki hərəkətlərindən ehtiyatlanan Prussiyanın yeni koalisiyada iştirakına böyük ümid bəsləmək olar.
Engiyen hersoqunun güllələnməsindən sonra onsuz da hücuma keçməyə hazırlaşan monarxiya Avropasında Burbonlar sülaləsi şəhazadəsinin qanını tökən barbar Korsikalı əleyhinə güclü təbliğat başlandı. Vaxtında ələ düşmüş bu fürsətdən bütün monarxlar geniş istifadə etmək qərarına gəlmişdilər. Əvvəlcə bütün monarxlar Baden hersoquna məsləhət verdilər ki, Engiyen hersoqu tutularkən Baden ərazisinin neytrallığının pozulmasına görə Fransaya etiraz notası təqdim etsin. Lakin bərk qorxuya düşmüş Baden hersoqu nəinki monarxların məsləhətinə qulaq asdı, hətta dolayı yolla Napoleonun Engiyen hersoqunu tutan zaman onun jandarmeyalarının təchizatından razı qalıb qalmadığını soruşdu. I Aleksandr beynəlxalq hüquq normaları baxımından Baden ərazisinin toxunulmazlığının pozulmasına qarşı formal olaraq xüsusi nota ilə etirazını bildirdi. Napoleon özünün məşhur cavabını Taleyrandan Aleksandra çatdırmağı xahiş etdi. Aleksandr bu cavabı heç vaxt unutmamış və bağışlamamışdı. Mətn belə idi :
“Engiyen hersoqu Napoleonun həyatına sui-qəsddə iştirakına görə həbs olunmuşdu; əgər, misal üçün, imperator Aleksandr mərhum atası Pavelin qatillərinin yad ərazidə yaşadığını və onları fiziki cəhətdən həbs etmək mümkün olduğunu bilsəydi, onda o, Napoleon, Aleksandrın özgə sərhədlərini bu cür pozmasına qarşı etiraz etməzdi.”
Aleksandr Pavloviçi camaat arasında bundan da açıq ata qatili adlandırmaq qeyri-mümkün idi. Bütün Avropa sui-qəsdiçilərin Paveli Aleksandrla razılığa gəldikdən sonra boğub öldürdüyünü və gənc çarın taxta oturduqdan sonra nə Paleni, nə Benninqseni, nə Zubovu, nə Talızini hədələməyə belə cürət etmədiyini bilirdi. Onlar “yad ərazi”də, məhz Peterburqda rahatca yaşayır və Qış sarayında olurdular.
Nəhayət 1805-ci ilin payızı gəlib çatdı. Napaleon özünün nəhəng Bulon düşərgəsinin bir hissəsini koalisiyaya qarşı vuruşmaq üçün Bavariyaya aparmaq qərarına gəldi. Bulonda toplanmış ordu döyüş qaydasıyla sıraya düzüldü, onu yeni hərbi hissələrlə gücləndirərək La Manş sahillərindən bütün Fransadan keçərək müttəfiq Bavariyaya apardı. Napoleon, Avstriyanın sol cinahı Ulm qalası olan Dunay üzərindəki qoşunlarını şimaldan ötüb keçərək son dərəcə sürətlə irəliləyirdi. Ulm qalası ətrafında general Makın yüksək səviyyədə təchiz olunmuş ordusu dururdu. Napoleonun generalları Sult və Lannın korpusları, Müratın isə süvariləri Dunayı keçərək, gözlənilmədən Makın arxasına keçdilər. Təhlükəni görən avstriyalıların bir hissəsi şərqə çəkilə bildi, ancaq başlıca kütlə Ney tərəfindən qalaya geri oturduldu. Mak hər tərəfdən mühasirəyə alındı. Oktyabrın 15-də marşallar Ney və Lann Ulmu dövrələyən yüksəklikləri döyüşlə aldılar. Makın vəziyyəti son dərəcə ümidsizləşdi. Napoleon onun yanına təslim olmaq tələbi ilə elçi göndərərək, Ulmu hücumla alacağı təqdirdə heç kəsə aman verməyəcəyi barədə xəbərdarlıq etdi. 1805-ci il oktyabrın 20-də Makın salamat qalan ordusu bütün hərbi ehtiyatları, artilleriyası, bayraqları və Ulm qalası ilə birlikdə qeydsiz-şərtsiz fransızlara təslim oldu. Napoleon Makın özünü azad etdi, təslim olan ordunu isə Fransaya müxtəlif işlərə göndərdi.
Makın Ulmdakı faciəvi aqibəti Prussiya kralı III Fridrix-Vilhelmi qorxuya salmışdı. O, çar I Aleksandrın təkidinə rəğmən cənubi alman kurfürstləri kimi təşviş və tərəddüd içində idi. Elə bu vaxt Napoleonun marşal Bernadotta Avstriyaya yollanarkən Prussiyanın cənub torpağı Anşpaxdan keçib getməyi əmr etməsi barədə xəbər yetişdi. Napoleonun Anşpaxın bitərəfliyini pozması, alman dövlətləri ilə istədiyi kimi rəftar etməsi təhqir olunan kralı üçüncü koalisiyanın tərəfində müharibəyə qoşulmağa vadar etdi. III Fridrix-Vilhelm və I Aleksandr arasındakı danışıqlar gizli müqavilə ilə nəticələndi. Sonra I Aleksandr Berlindən çıxaraq birbaşa Avstriyaya, hərbi əməliyyat meydanına yola düşdü. Bu müqavilə İngiltərə və Avstriyanı çox məmnun etdi. Onlara görə əgər Prussiya ordusu bütünlüklə Filiz dağlarından keçib müharibə meydanına daxil ola bilsə, Napoleon mütləq məğlub olacaqdı. Napoleon isə nəyin bahasına olursa olsun, Prussiya koalsiyaya qoşulmamış hərbi əməliyyatları təcili başa çatdırmaq istəyirdi. Fransızlar Vyananı demək olar ki alan kimi şəhəri Dunayın sol sahili ilə birləşdirən və avstriyalıların nədənsə dağıtmadığı yeganə nəhəng körpünü tutmağa müvəffəq oldular. Bu barədə Napoleona məlumat verilən kimi o, dərhal bir saat belə itirmədən körpünü keçərək birbaşa rus ordusu üzərinə irəliləməyi əmr etdi. Napoleon özünün başlıca qüvvələri ilə Vyana yaxınlığında Dunayı keçərək tələsik geri çəkilən rus ordusunun qabağını kəsməyə çalışırdı. Müttəfiqlər ordusunun baş komandanı Kutuzov aydın görürdü ki, yeganə xilas yolu Kremsdən Olmütsün cənubundakı Olşansk mövqelərinə çəkilməkdir. Kutuzov körpünün uçurulmamasından baş aça bilmir, bunu Prussiyanın xəyanəti kimi qəbul edirdi. Çünki körpünün uçurulmaması rusları labüd məğlubiyyətə düçar edəcəkdi. Kutuzovun geri çəkilmə prosesi müvəffəqiyyətli olmadı. Napoleon onun ordusunun qarşısını meşədə kəsdi. Əsas qüvvələri meydandan çıxarmaq üçün vaxt qazanmaq naminə açıq-aydın qırılmağa məhkum edilən ordu təxminən 45 mindən 12 minə yaxın itki verdi. Ordunu əldən salan Kutuzov, hər halda, dəhşətli təslim olmaq rüsvayçılığından yaxa qutardı, onu sıxışdıran Napoleonun caynağından xilas oldu və qoşunun qalıqlarını artıq hər iki imperatorun – Aleksandrın və Fransın gəlib çıxdığı Olmütsə çatdırdı.
Bunun nəticəsində Rusiyadan təzəcə olaraq qvardiya və əlavə qoşun gətirildi. Kutuzovun Olmütsə və onun ətrafına gətirib çıxara bildiyi qoşunlar da nəzrə alınmaqla bütün rus qoşunlarının sayı 75 min nəfərə çatırdı.
Napoleon Ölmütsdəki qələbəsindən sonra Brunnda ayaq saxladı. Napoleon bu zaman yalnız rusların çıxıb getməsindən, müharibəni uzatmasından qorxurdu. Kutuzov Napoelonun oyununu yaxşı anlayırdı. Kutuzov rus ordusunu fəlakət gözlədiyinə və vaxt itirmədən Napoleondan qaçmaq, uzağa dağlara çəkilib həlledici döyüşdən yayınmaq lazım gəldiyinə qəti əmin olsa da, çarın məşum şöhrətpərəstiyinə, qəti müxalifətinə qarşı dura bilmirdi. Napoleon rusları həlledici döyüşə çəkmək üçün diploamtik və aktyorluq bacarığını parlaq surətdə göstərdi. O, rus qərargahında baş verən hər şeyi anladı, tezliklə uzaqlaşmaq və rus ordusunu xilas etmək üçün son zəif cəhdlərə əl atan Kutuzova qarşı Aleksandrın əlinə “kozır” verdi. Napoleon vahiməyə düşən, zəifləyən, ən çox döyüşdə qorxan adam rolunu məharətlə oynadı. Ona rəqibinin beyninə fransız ordusunu məhz indi asanlıqla məğlub etməyi mümkünlüyü fikrini yeritmək və bununla da rusları ləngimədən döyüşə çəkmək istəyirdi. Bu məqsədlə Napoleon:
- Öz avanpostlarına geri çəkilməyi əmr etdi
- General-adyutantı Savarini barışıq və sülh təklifilə Aleksandrın yanına göndərdi
- Savariyə Aleksandrla şəxsən görüşmək barəsində xahişini yerinə yetirməsini əmr etdi
- Savariyə tapşırdı ki, əgər Aleksandr şəxsən görüşməkdən imtina edərsə, ondan danışıq aparmaq üçün müvəkkilinin göndərməsini xahiş etsin
Rus qərargahı şadlıq içində idi. Çar I Aleksandr şəxsəngörüşməkdən imtina edərək knyaz Dolqorukovu onun yanına göndərdi. Napoleon sonralar gənc knyazı lağa qoyaraq onu fransız imperatoru ilə “Sibirə göndərmək istədikləri boyar” kimi rəftar etdiyini xatırlayaraq zarafatla deyərdi.
Knyaz Dolqorukov Napoleonun qarşısına bir sıra şərtlər qoydu. O şərtlər Napoleonun İtaliyadan və işğal olunmuş bir sıra digər yerlərdən əl çəkməsini təəklif edirdi. Lakin Napoleon bu şərti nəzakətlə rədd etdi. Döyüş qaçılmaz oldu.
Döyüş 1805-ci il dekabrın 2-də Prasen yüksəkliyi ətrafında, Austerlits kəndinin qərbində, Vyanadan 120 km şimalda, dərə-təpəli bir yerdə başladı.
Vuruşmaya əvvəldən axıra kimi Napoleon şəxsən özü rəhbərlik edirdi. Demək olar ki, onun bütün marşalları döyüş meydanında idi. Rusların və avstriyalıların məğlubiyyəti artıq səhər başlanan döyüşün ilk saatlarından məlum oldu. Müttəfiqlər darmadağın edildi. İmperator Frans və Aleksandr hələ tam fəlakətdən xeyli əvvəl döyüş meydanından qaçmışdılar.
“Austerlits döyüşü” Fransua Jerard, 1805
Napoleonun qələbəsi İngiltərədə böyük rezonans doğurdu. Uilyam Pittin bütün planları alt-üst olmuş, iri şəhər burjuaziyası və bankirləri arasında nüfuz və etibarını itirmişdi. Pitt əsəb sarsıntılarına dözməyərək xəstələnərək yatağa düşdü, bir neçə həftədən sonra 1806-cı il yanvarın 23-də vəfat etdi. İngiltərə hökümətinin başına Foks gətirildi. Foksun başçılıq etdiyi yeni kabinet Napoleona sülh təklif etmək qərarına gəldi.
Napoleonun qələbəsindən xəbərsiz yola çıxan Prussiya diplomatı Hauqvits III Fridrix Vilhelmin ultimatumu ilə Vyanaya gəlib çıxdı. Lakin o fransızların qələbə çaldığını öyrəndikdə ultimatumu gizlədərək imperatoru təbrik etdi. Napoleon diplomatik manevr edərək olub keçəni bir şərtlə unutmağa və bağışlamağa razılıq verdi: Prussiya onunla ittifaqa girməlidir. İttifaqın şərtləri belədir:
- Prussiya özünün cənub torpağı Anşpaxı Bavariyaya verir
- Prussiya özünün Nevşatel və Kleve knyazlığını Vezel şəhəri ilə birlikdə Fransaya verir, əvəzində Napoleon hələ 1803-cü ildə öz qoşunları tərəfindən tutulmuş ingilis kralına məxsus Hannoveri Prussiyaya verir
- Prussiya Fransa ilə ittifaqa girir, yəni ingilislərə müharibə elan edir.
Bundan da pisini gözləyən Hauqvits və kralı Vilhelm bütün şərtlərlə razılaşdılar. Sülh 1805-ci il dekabrın 26-da Presburqda imzalandı. Bundan bir neçə gün əvvəl Napoleonla Bavariya, Vürtemberq və Baden arasında sıx müdafiə və hücum ittifaqı imzalanmışdı.
Napoleon Uilyam Pittin ölümündən sonra hələ də ingilis siyasətində dəyişiklik olacağına ümid bəsləmirdi. Lakin bu səfərki ingilis kabinetinə Pittin daimi əleyhdarı Foks rəhbərlik edirdi. İngiltərə ilə Fransa arasında sülh danışıqlarına başlanıldı və bu məqsədlə Foks lord Yarmutu Parisə göndərdi. Napoleon sülhə bir o qədər də inam bəsləməsə də artıq 1806-cı ilin fevralında Prussiyanı İngiltərə ilə əlaqələri kəsməyə məcbur etdi. O, Prussiyanı təkcə İngiltərədən deyil, Rusiyadan da tam təcrid etməyə və bununla da ona qəti zərbə endirməyə çalışırdı. Elə bu vaxt Napoleon özünün qərbi və qismən mərkəzi Almaniya üzərindəki nəzarətsiz hakimiyyətini qanuniləşdirmək məqsədi ilə Reyn İttifaqını yaratdı. 1806-cı ilin ortalarında ittifaq tam təşəkkül tapdı və iyulun 12-də Napoleonun əmr etdiyi bütün alman dövlətləri tərəfindən müvafiq müqavilə imzalandı. İttifaqa Bavariya, Vürtemberq, Regensburq, Baden, Berq, Hessen-Darmştadt, Nassau və daha səkkiz alman knyazlığı daxil oldu. Bu ittifaq Napoleonu özünün protektoru “seçdi”.
İyulun 6-da rus diplomatı Ubri Parisə gəldi. Aleksandr onu Kattaro buxtası barəsində xüsusi danışıqlar aparmaq bəhanəsi ilə göndərmişdi. Əslində isə bu səfər İngiltərə ilə Fransa arasında sülh ehtimalının nə dərəcədə ciddi olub olmadığını öyrənib əmin olmaq məqsədi daşıyırdı. Taleyran məharətli manevrlərlə Rusiya ilə ilkin şərtlər əsasında sülh imzalamağa müvəffəq oldu. Bu, Ubrinin Parisə gəlişindən cəmi iki həftə sonra baş verdi. İndi hər şey Taleyranla Yarmut arasındakı danışıqlardan asılı idi, çünki Aleksandr özü nümayəndəsi Ubrinin Parisdə imzaladığı müqaviləni həmin danışıqların nəticəsinə əsasən təsdiq edib etməməyi qərara almışdı.
Lakin İngiltərə ilə sülh qeyri-mümkün idi. İngiltərə hakim siniflərinin istər iqtisadi, istəsrsə də siyasi mənafeyi Napoleonu qitənin yarısındakı diktaturası ilə qətiyyən barışmırdı. Napoleon isə danışıqlar zamanı mahiyyət etibarilə heç bir güzəştə getmədən yeni tələblər irəli sürür, Misir, Suriya və s. ölkələr barəsində danışırdı.
Və gözlənilmədən Britaniya xarici işlər naziri Foks sentyabrın 13-də öldü. Onun ölüm xəbəri bütün Avropaya yayıldı. Fransa və İngiltərə yenidən müharibə hazırlıqlarına başladılar.
Foksun ölümü ilə Prussiyada Napoleon istilaları ilə qətiyyən barışmayan partiya aktiv fəaliyyətə başladı. İndi nə İngiltərənin nə də Rusiyanın Fransayla sülh imzalamayacağı aydın idi. Fransa ilə təklikdə qalacağından qorxan III Fridrix Vilhelm öz qoşunlarını Saksoniyaya yeritmək qərarına gəldi. Prussiyada zadəganlar və şəhər burjuaziyası Fridrixi qorxaqlıqda, Hauqvitsi isə xəyanətdə ittiham edirdilər. Fridrix qəti addım atmalı idi. Kralı qəti addım atmağa sövq edən başlıca amil nə qədər güzəştə gedilsə də, Napoleonun əvvəl-axır müharibəyə başlayacağı idi. Napoleona Prussiyaya dair niyyətlərini izah etmək barədə xahişnamə göndərildi. Lakin imperator heç bir cavab vermədi. III Fridrix müharibəyə başlamaq əmri verdi. Buna cavab olaraq Napoleon öz ordusu prussiyalıların dayandığı Saksoniya sərhəddini keçdi. 1806-cı il oktyabrın 8-də fransız ordusu Saksoniyaya daxil olmağa başladı. İlk döyüş oktyabrın 9-da Şleyts yaxınlığında başladı. Ağır itki verən alman zabiti Lüdviq geri Zaafeld şəhərinə doğru çəkildi. Zaafeld ətrafında baş vermiş döyüşdə fransızlar qəti qələbə qazandı, Lüdviq öldürüldü. 1806-cı il oktyabrın 14-ü Prussiyanın taleyini həll edən döyüş başlandı. Prussiya məğlub edildi. Oktyabrın 27-də müharibənin başlanmasından 19 gün, Yena və Auerştedt döyüşündən isə 13 gün sonra Napoleon təntənəli surətdə Berlinə daxil oldu. Maqdeburqun təslim olmasından bir müddət sonra Napoleon Berlində 1806-cı il noyabrın 21-də özünün məşhur kontinental blokada barədə dekretini imzaladı.
Bununla belə İngiltərə Tilzitdən sonra müttəfiqsiz qalmasına baxmayaraq, mübarizəni qətiyyətlə gücləndirmək qərarına gəldi. Danimarkanın kontinental blokadaya qoşulacağı xəbərini alan ingilis eskadrası 1807-ci ildə Kopenhageni bombardman elədi. Napoleon bu hadisədən xəbər tutanda bərk sarsıldı. Bu, onun Portuqaliya və İspaniyanı tutmaq qərarını sürətləndirdi. 1807-ci ilin oktyabrında marşal Junonun komandanlığı altında 27 min nəfərlik fransız ordusu İspaniaya ərazisindən keçərək Portuqaliyaya daxil oldu. Portuqaliyanı həmin vaxt Braqans sülaləsi idarə edirdi. Junonun Lissabona girməsindən iki gün əvvəl kral və ailəsi ingilis gəmilərinə minərək ölkədən qaçmışdılar.
1808-ci ilin qışı və yazı ərzində Napoleonun yeni qoşunları Pireneydən keçərək İspaniyaya daxil oldu. İspaniyada 100 minə yaxın qoşun toplanmışdı. Lakin İspaniyanın işğalı Napoelonun gözlədiyi kimi nəticələnmədi. Xalq partizan avaşına başladı. Napoleonun əleyhinə ilk dəfə üsyan 1808-ci il mayın 2-də olmuşdu. Mürat bu üsyanı qəddarlıqla yatırmışdı. Lakin 1808-ci il iyulun ortalarında gözlənilmədən baş verən hadisə Napoleonu təcili olaraq Aleksandrla danışmağa vadar etdi. İspaniyanın cənubunu işğal etməyə yollanan marşal Düpon Kordova yaxınlığında ispan partizanlar tərəfindən mühasirəyə alınmış, darmadağın edilmişdi. Və nəticə olaraq iyulun 20-də Baylen yaxınlığında sülh müaviləsi imzalandı. Bu hələ İspaniyanın fransızlardan azad olması demək deyildisə də, həmin təslim aktının Avropaya göstərdiyi təsir çox böyük idi.
1807-ci ildə Şərqi Prussiyada ruslarla fransızlar arasında döyüş başlandı. Rus ordularına başlanğıcı Benniqsen edirdi. Lakin ruslar döyüşdə məğlub oldu. Tilzit sülh müqaviləsi imzalandı. Müqavilənin şərtlərinə əsasən ruslar “Qitə Blokadası”na qoşulur, Fransanın yanında olaraq İngiltərəyə müharibə elan edir. Sülh müaviləsi fransızlar üçün əlverişli şərtlərlə bağlansa da, bu sülhlə I Aleksandr heç cürə razılaşa bilmirdi. Qış sarayında da müqavilədən narazıçılıq edirdilər.
1808-ci ildə Napoleonla I Aleksandr Erfurtda görüşdülər. Lakin Erfurtda Taleyran ilk dəfə Napoleona xəyanət etdi. O, I Aleksandrla gizli əlaqəyə girərək Napoleonun hegemonluğuna qarşı müqavimət göstərməyi məsləhət gördü.
Erfurt görüşünün uğurlu keçməsinə baxmayaraq Napoelon və Aleksandr bir-birinə etibar etmirdilər. Aleksandrın köməyinə arxayın olmayan və Avstriyanın ona qarşı qoşun çıxaracağından əmin olan Napoleon 1808-ci ilin axırlarına İspaniyaya getdi. Napoleon ispan ordusuna qarşı hücuma keçdi 1808-ci il noyabrın 10-da Burqos yaxınlığında ispanları darmadağın etdi. Napoleon güclü qarnizonla dkabrın 4-də Madridə daxil oldu. Xalq, işğalçıları məzar sükutu ilə qarşıladı. Lakin hər şey Napoleonun düşündüyü kimi olmadı. Əksinə ispanlar daha da hiddətlənərək meşələrə çəkildilər. Şəhərdə qalan insanlar isə fransızlara nifrət edirdilər. Onlar qəsdən su quyularını zəhərləyir, taxıl zəmilərini, anbarlarını bərbad edirdilər. Napoleon əleyhinə milli-azadlıq hərəkatı başlamışdı. Xalq üsyanları isə 1803, 1809, 1810-cu illərdə daha da sürətlənmişdi.
Artıq Avropada Napoelona qarşı koalisiya formalaşmağa başlamışdı. 1812-ci ilin fevralında Prussiyanı onunla Rusiya əleyhinə ittifaq bağlamağa məcbur edən Napoleon bunu Avstriyadan da tələb etdi. 1812-ci il martın 4-də Parisə Fransa-Avstriya müqaviləsi imzalandı. Bu müqaviləyə görə Avstriya Napoleona kömək məqsədilə 30 minlik qoşun çıxarmağı öhdəsinə götürürdü. Qarşıdakı müharibədə Napoleonun sərəncamına Prussiya 20 min, Avstriya isə 30 min nəfərlik qoşun göndərməyi öhdəsinə aldı.
İngiltərə hələ də cəbhə arxasında qalırdı. Lakin burada da bilavasitə təhlükə görmürdü. Hələ ölkədə daxili vəziyyətin son dərəcə ağır olması, kontinental blokadanın onu varyoxdan çıxarması, işsizlik, maşınlara qarşı böyük fəhlə hərəkatları. Birləşmiş Ştatların prezidenti İngiltərəyə müharibəni məhz Napoleonun Rusiya ərazisinə girməsindən 9 gün əvvəl, 1812-ci il iyunun 15-də elan etdi. Amerika ilə müharibə İngiltərənin Fransa imperiyasına qarşı mübarizəsini zəiflətdi.
1812-ci il mayın 9-da səhər saat 6-da Napoleon imperatriça Mariya-Luizanın müşayiəti ilə Sen-Kludan çıxaraq Polşaya doğru yolda düşdü. Mayın 16-da Drezdendə Saksoniya kralı onu qarşıladı. Prussiya kralı III Fridrix-Vilhelm, habelə Avstriya imperatoru Frans və onun arvadı da var idi. Müti vassalları ilə əhatə olunmuş Napoleon Drezdendə 15 gün qaldı. Napoleon buradan Smolenskə doğru yolda düşdü. Yolda rus ordusunun hissələri ilə kiçik miqyaslı döyüşlər başladı. İlk döyüş Ostrovno ətrafında baş verdi. General Baqration marşal Davunun hücumlarına tab gətirməyərək geri çəkildi. Mogilyev ətrafında təkrar Baqration və Davu qarşılaşdılar. Bu vuruşmadan və Baqrationun Novoye Bıxovo yaxınlığında Dnepri keçməsindən xəbər tutan Barklay Smolensk yaxınlığında Baqrationla birləşməyi qət edərək Rudnya vasitəsilə oraya yollandı. Napoleon böyük döyüşə hazır idi. Lakin rus qərargahında çaşqınlıq var idi. General Kutuzov geri – Rusiyanın içərilərinə doğru çəkilməyi təkid edirdi. Lakin Baqration və Benniqsen kimi gənc, şöhrətpərəst generallar isə Napoleonla həll edici döyüşə çıxmağı müdafiə edirdilər. Kutuzov qərargahda “Siz Moskvanı Napoleona verməlisiniz. Əgər Moskvanı verməsəniz, bütün Rusiyanı verməli olacaqsınız” , – demişdi.
Avqustun 16-da səhər saat 6-da Napoleon Smolenski topa tutmağı və şəhər üzərinə hücuma keçməyi əmr etdi. Axşam saat 6-dək davam edən şiddətli döyüşlər başlandı. Fransızlar Smolenskin ətrafını tuta bilsələr də, mərkəzi ələ keçirə bilmədilər. Lakin sonrakı hücumda Smolensk zəbt olundu, Napoleon Nemanı keçdi.
Sentyabrın 4-də səhər çağı Murat və Ney Qjatskdan Qridnevoya doğru irəlilədilər. Fransızların hücumunu almaq üçün Şevardino kəndində kiçik hissələr qurulmuşdu. Lakin Napoleon onları məğlub etdi. Borodino vuruşması zamanı Napoleon qərargahını Valuyevo kəndində yerləşdirmişdi. Napoleon müharibəni tez bitirmək istiyirdi və rusların geri çəkilib müharibəni uduzmasından qorxurdu. Napoleonun 106-cı diviziyası Borodino kəndinə girdo və döyüşdə ruslar məğlub oldu. Gecə ilkin nəticələr Kutuzova təqdim edildikdə və o həmin gün sentyabrın 7-də rus ordusunun yarısınn qırıldığını görərək ordunun qalan hissəsini xilas etməyi və Moskvanı yeni vuruşmasız verməyi surətlə qərara aldı.
Sentyabrın 15-də Napoleon Kremlə girdi. Artıq axşamdan ilk yanğınlar başlamışdı. Ruslar hər şeyi məhv edərək geri çəkilmişdilər. Yanğln sentyabrın 18-nə kimi davam etdi. Napoleonun ehtiyatı tükənirdi. Əsgərlərin çoxu alışmadığı hava şəraitində xəstəliklərdən və aclıqdan tələf olurdu. Napoleon sülh bağlamaq qərarına gəldi. Oktyabrın 4-də müharibə ərəfəsində Fransanın Rusiyadakı səfiri olmuş markiz Loristonu Kutuzovun düşərgəsinə göndərdi. Danışıqlar müsbət nəticə vermədi, Kutuzov sülh təklifini rədd etdi. Napoleon isə Rusiyada kəndli üsyanı yaratmağı düşünürdü. Ukrayndada da tatarları dövlətə qarşı qaldırmaq istəyirdi. Lakin Napoleonun bu planları baş tutmadı. Oktyabrın 20-də Napoleon geri çəkildi. Lakin onun ordusunun əksəriyyəti məhv olmuşdu. Bu döyüşdə həmçinin digər döyüşlərdən fərqli olaraq Napoleonun 47 generalı ölmüşdü.
Napoleon 1813-cü ildə Erfurta öz ordusunu yeritdi. Döyüş nəticəsində fransızlar qalib gəldi. Napoleonun qələbəsindən sonra Metternix müttəfiqlərlə Napoleonun arasında sülhü bərpa etmək və bununla yanaşı Napoleonla Avstriyanın aşağıdakı əsaslarla ittifaqını təmin etmək işinə girişdi: Napoleon Varşava hersoqluğundan, Reyn İttifaqı üzərində protektoratlığından, Qanza şəhərlərindən və İlliriyadan əl çəkir. Yerdə qalanların hamısı (yəni Belçika qarışıq bütün imperiya, bütün İtaliya, Hollandiya, Jerom Bonapartın Vestfaliya krallığı) Napoleona qalırdı. Lakin Napoleon rədd cavabı verdi. 1813-cü il iyunun 4-də müttəfiqlər Avstriyanın vasitəçiliyi ilə Pleystvisdə barışıq haqqında müqavilə imzalandı.
Lakin Praqada danışıqlar müsbət nəticə vermədi və tərəflər müharibəyə hazırlaşdılar. Əvvəlkilərdən fərqli olaraq Napoleonun ordusunda ruh düşkünlüyü var idi. 1813-cü ildə müharibə başladı və ilk döyüş Drezdendə oldu. Müttəfiqlər geri çəkildilər.
1813-cü il oktyabrın 16-da Leypsiq yaxınlığında ordular qaşılaşdı. Döyüşün ilk saatları Napoleonun xeyrinə olsa da, Benniqsenin Bernadottan hərbi yardım alması, qüvvələr nisbətini dəyişdirdi. Həm də Napoleonun ordusundakı almanlar, polyaklar, saksoniyalılar heç də ürəklə döyüşmürdü. Oktyabrın 16-dan 19-na qədər olan döyüşdə Napoleon məğlub oldu və geri çəkildi.
Artıq Parisdə hər kəs Napoleondan üz döndərmişdi. Napoleonun marşalı, süvarilərinin başçısı, Neapol kralı təyin etdiyi Mürat da ondan üz döndərərək müttəfiqlərin tərəfinə keçmişdi. Qardaşı Jozefi də ispan üsyançıları və ingilislər artıq Pireneydən çıxarmaq üzrə idilər. Hətta Vellinqton Pireneyi keçərək Cənubi Fransaya da daxil olmuşdu.
Napoleon “Elba adasının imperatoru” kimi Elbaya sürgün edildi. Lakin onun sürgün müddəti çox çəkmədi. Məhz Vyana konqresinin danışıqları getdiyi zaman Napoleonun bir qrup əsgərlə Fransa sərhədlərinə çıxması xəbəri bütün Avropaya yayıldı. Müttəfiqlər təkrar Napoleonu məğlub etmək üçün güclü ordu qurmağa başladılar. Orduların baş komandanı isə hersoq Vellinqton təyin olundu. Napoleon hakimiyyətə gəldiyi ilk gündən ona xəyanət etmiş hər kəsi (Taleyrandan başqa) cəzalandırdı. Mürat güllələndi. Napoleonla müttəfiq orduları Belçika ərazisindəki Vaterloo (Huqomon) adlanan yerdə qarşılaşdılar. Napoleonun əsas məqsədi Blüxerlə Vellinqtonu ayrı-ayrılıqda məğlub etmək idi. Vaterlooda isə hələki yalnız ingilis qoşunları idi. Döyüş də məhz fransızların üstünlüyü ilə keçirdi. Soyuqqanlılığını itirməyən Vellinqton isə hələ də Blüxerdən kömək gözləyirdi. Napoleon isə artıq Blüxerlə döyüşü marşalları ilə müzakirə edirdi. Lakin döyüşün sona çatmasına biraz qalmış Blüxer özünü yetirdi və qüvvələr nisbəti dəyişdi. Doqquz saat davam edən ağır döyüşlərdən sonra fransızlar məğlub oldu.
Müttəfiqlər Parisə daxil oldu, Napoleon taxt-tacdan imtina etdi və Müqəddəs Yelena adasına sürgün edildi. Napoleon Yelena adasında öz vəsiyyətini yazdı, Fransada gerçəkləşməsi vacib olan bir çox layihələr üzərində də işlədi. Adada qeyri-millətlər də yaşayırdılar, onların hamısı Napoleona xüsusi rəğbət bəsləyirdi. Hətta ingilis və avstriyalı əsgərlər belə Napoleona olan simpatiyalarını gizlətmirdilər.
Aprelin 5-də həkim Arnott marşal Bertranı və qraf Montolonu Napolenun xəstəliyinin ağır olması barədə xəbərdar etdi.
Aprelin 13-də o, qraf Montolona vəsiyyətini diktə etdi. Onun cəsədi Sena sahillərində fransız xalqının arasında basdırılmalı idi. 1821-ci il Mayın 5-də Napoleon keçindi. Qulluqçu Marşan Napoleonun 1800-cü il Marenqo yaxınlığındakı döyüş günü əyninə geydiyi və bu vaxtacan saxladığı şineli gətirib onun üstünə atdı. Dörd gündən sonra cənazəni Lonqvuddan götürdülər. Bütün qarnizon, matroslar və zabitlər, qubernator başda olmaqla bütün vəzifəli şəxslər, marşallar və adanın bütün əhalisi matəmdə iştirak edirdi.


