
1.Fransa burjua inqilabı və Avropa dövlətlərinin diplomatiyası
2.Konventin xarici siyasəti
3.Yakobin diktaturası diplomatiyası
4.Termidor irticası və Direktoriya dövründə diplomatiya
- İnqilabdan öncə fransız monarxiyasının xarici siyasəti burjaziyada narazılıq doğururdu.Bədxərclik siyasəti, edama gedən xərclər dövlətdə bahalığın sürətlə artmasına gətirib çıxardı. Yeddillik müharibə (1756-1763) dövründə fransız monarxı qohumluq əlaqələrinə əsaslanaraq Avstriyaya həddən artıq maliyyə və hərbi yardım göstərdi və bununla da öz ölkəsini zəiflətdi. XV Lüdoviqin sülalə diplomatiyasının səhvləri ucbatından Yeddillik müharibədə İngiltərə qələbə çaldı və Fransa Kanadanı və (Şimali Amerika və Hindistan) digər müstəmləkələrini itirdi. Fransız burjuaziyası Avstriyaya düşmən münasibət bəsləyirdi və gələcəkdə avstriya Niderlandlarını fəth etməyə ümid edirdi. Avstriya ilə ittifaq fransız burjaziyasının maraqlarına zidd idi.
Fransa xarici siyasətinin II xəttini İspaniya ilə ittifaq təşkil edirdi. İngiltərə müstəmləkəçiliyinə yönəlmiş bu ittifaq Avstriya ittifaqına nisbətən daha popular idi. Fransa monarxiyasının zəifləməsinə baxmayaraq İngiltərə və Fransa arasında ticarət və müstəmləkələr əldə etmək uğrunda apardıqları mübarizə 1789-cu ilədək beynəlxalq siyasətin əsas məsələsi olaraq qalırdı.
Hökumət İngiltərə ilə 1786-cı müqaviləsini bağlamaqla İngiltərə xeyrinə bir sıra güzəştlərə getdi. Bu müqavilə Britaniya manufaktura məmulatlarının fransız bazarına daxil olmasını asanlaşdırdı. İnqilab öncəsi Fransa Rusiya ilə yaxınlaşmağa başladı. 1787-ci ildə Rusiya ilə ticarət müqaviləsi imzalayan Fransa Rusiyanın Qara dəniz limanlarında öz mövqelərini möhkəmləndirdi. Fransızlar Türkiyə vasitəsilə Qırmızı dənizə çıxış yolu əldə etdi. Bu dövrdə fransızlar Yaxın Şərqdə öz ticarət hegemonluqlarını qoruyub saxlaya bildilər.
1787-1788-ci illərdə Fransanın beynəlxalq nüfuzuna güclü zərbə dəydi. Fransa monarxiyası maliyyə və siyasi gücsüzlüyü səbəbindən Holandiyaya münasibətdə üzərinə götürdüyü ittifaq öhdəliklərindən imtina etdi. Fransa hələ 1785-ci ildə İngiltərə və Prussiyaya qarşı Hollandiya ilə ittifaq bağlamışdı.
1787-ci ildə Prussiya ordusu Hollandiyaya hücum edib Prussiya və İngiltərə ilə ittifaq tərəfdarları və alman dövlətləri ilə ticarət münsaibətləri saxlayan holland burjuaziyasının rəğbətini qazanmış zadəgan partiyasının hakimiyyətini bərpa etdi. Fransa Prussiya müdaxiləsinə qarşı Hollandiyaya yardım etməkdən boyun qaçırdı. Hollandiyaya rədd cavabı verən Fransa bütün Avropa qarşısında gücsüzlüyünü göstərdi və bu fransız diplomatiyasının şəksiz məğlubiyyəti idi. Prussiya müdaxiləsi Hollandiyanı İngiltərə və Prussiyadan asılı vəziyyətə saldı.
1788-ci ildə İngiltərə Prussiya və Hollandiya Rusiya, Fransa və Avstriyaya qarşı hərbi üçlü ittifaq (üçlər ittifaqı) bağladılar. 1789-cu il inqilabı ərəfəsində Türkiyə və İsveçi dəstəkləyən İngiltərə-Prussiya-Hollandiya liqası ən güclü dövlətlər qruplaşması idi. Onlara qarşı dağınıq, pərakəndə ittifaqlar Avstriya-Rusiya və Fransa-Avstriya və İspaniya dururdu.
Mütləq monarxiya zamanı XİN və səfirliklər elə təşkil edilmişdi ki, yalnız mütləq monarxa qulluq edir, onun siyasətini yeridirdi. XİN monarx tərəfindən təyin edilir və ona cavabdeh idi. Kral sarayına sıx bağlı olan səfirlər və nazirlər yalnız zadəganlardan təyin edilirdi. Nazirliyin məmurları zadəgan ailələrindən seçilir və ömürlərinin sonuna qədər qulluq göstərirdilər.
Bastiliyanı ələ keçirdikdən sonra Milli Məclis xalq hakimiyyəti prinsipinə əsaslanaraq kral nazirliklərinin diplomatiyasına qarışmağa başladı. 1790-cı ilin mayında Milli Məclis xarici siyasət məsələləri üzündən kral hakimiyyəti ilə toqquşdu.
Bu zaman Şimali Amerikanın Sakit okean sahilboyunun bir hissəsi uğrunda İngiltərə və İspaniya arasında müharibə təhlükəsi yarandı. 1790-cı ilin yazında hər iki tərəf müharibəyə hazırlaşırdı. 1761-ci il ittifaq müqaviləsinə görə İspaniya XVI Lüdoviqdən kömək tələb etdi (Hər iki saraya Burbonlar sülaləsi başçılıq edirdi). XİN Milli Məclisə kralın İngiltərəyə qarşı donanma çıxarmaq niyyətində olduğunu bildirdi. Bu xəbər Milli Məclisdə böyük səs-küyə səbəb oldu. Güman edilirdi ki, kral İngiltərə ilə müharibə adı altında silahlı qüvvələri artırıb inqilabla mübarizə aparmağı və ordunun köməyilə inqilabı yatırtmağa çalışırdı.
Milli Məclisin sol qolu kraldan müharibə elan etmək və sülh bağlamaq hüququnu almaq qərarına gəldi. Milli Məclis diplomatik danışqlara nəzarət etməyi və müqavilələri təsdiqləmək səlahiyyətini öz üzərinə götürdü.
Qraf Mirabo mayın 24-də müharibə və sülh hüququ haqqında məsələnin həllində Milli Məclislə razılığa nail oldu. Bu qərara görə Milli Məclis yalnız kral təklif edəcəyi təqdirdə müharibə elan edib, sülh imzalaya bilərdi. Beləliklə, müharibə elan etmək və sülh imzalamaq kral ilə Milli Məclis arasında bölüşdürüldü.
1789-1792-ci illərdə Avropa dövlətləri diplomatiyası
Fransa inqilabı başlayan zaman Avropa diplomatlarının nəzərləri Şərqi Avropadakı hadisələrə yönəlmişdi.
1798-ci ildə Rusiya və Avstriyanın Türkiyəyə qarşı başladığı müharibənin qızğın çağı idi. Avstriya ordusu türklər tərəfindən darmadağın edilmişdi. Ruslar qələbələr qazansa da, müharibənin taleyi həll olmamışdı. Rusiya bu dövrdə İsveçlə də müharibə aparırıdı. İngiltərə və Prussiya Türkiyə və İsveçə diplomatik yardım göstərirdilər.
Buna baxmayaraq Fransa inqilabı beynəxalq siyasətə güclü təsir göstərdi və bu inqilab beynəlxalq münasibətlərin inkişafında yeni dövrün başlanğıcını qoydu. Bu dövrdə Avropanın siyasi həyatında (siyasətində) əsas rolu – iki güclü qüvvə ingilis və rus diplomatiyası oynayırdı.
İngiltərədə xarici siyasətə lord Çatamın oğlu kiçik Uilyam Pitt başçılıq edirdi. 1783-cü ilin sonundan 1806-cı ilədək fasiləsiz kabinetə başçılıq edən Pitt Amerikan müstəmləkələrini itirdikdən sonra ölkənin vəziyyətini möhkəmləndirməyə can atırdı. Bunun üçün qitədə müttəfiqlərə ehtiyac duyulurdu. Müttəfiqlər əldə etmək yolunu Pitt pul subsidiyaları verməkdə görürdü. Rusiyanın isə qısa müddətdə Baltik və Qara dənizdə möhkəmlənməsi onun üçün təhlükəli idi.
Əvvəl Pitt subsidiya vasitəsilə Rusiya ilə ittifaqı satın almaq, onu Fransaya qarşı istifadə etmək istəyirdi. Bununla da, rus siyasətinə qarışaraq ona əngəl törətmək niyyətində idi. Peterburqdan rədd cavabı alan Pitt Prussiya və Hollandiyanın zadəgan partiyası ilə yaxınlaşdı. Pitt Fransa burjua inqilabının bu ölkəni zəiflədəcəyinə ümid edirdi. O daha çox inqilabın Avropaya yayılmasından qorxurdu. Osterman vitse-kansler idi. O dövrdə Rus diplomatiyası II Yekaterina və ona yaxın bir neçə nəfərin əlində idi. Rusiyada güclü burjuaziya yox idi və o hərbi-feodal dövlət olaraq qalırdı. İnqilabın Fransa zadəganlığına və monarxiyasına vurduğu zərbə II Yekaterinanı sarsıtmışdı. Fransa monarxiyasını dəstəkləyən imperatriçə Fransa burjua inqilabına dərin nifrət bəsləyirdi. O, qanunverici məclisi “ağılsız və bədnamlar yığıncağı” adlandırır, inqilabı yatırmaq üçün müharibəyə başlamaq arzusu ilə yaşayırdı. Lakin İsveç və Türkiyə ilə mübarizə bu fikirlərə mane olurdu.
Reyxenbax müqaviləsi 27 iyul 1790-cı ildə imzalandı. Prussiya Hersberq planından imtina etdi, Avstriya isə Türkiyə xeyrinə işğallardan imtina etdi. Avstriya şərqdəki müharibədən çıxaraq Rusiyaya yardım etməkdən imtina etdi.
1790-cı ilin sentyabrında Avtriya-Türkiyə barışığının ardınca 1791-ci ilin avqustunda Sistovda sülh imzalandı. İngiltərə və Prussiya Belçika üzərində Avstriya hakimiyyətini bərpa etməklə bağlı öhdəlik götürdülər. Reyxenbax müqaviləsindən sonra 1790-cı ilin dekabrında Avstriya ordusu Brüsselə daxil oldu və Belçikada inqilabı yatırdı……
1791-ci ilin iyununda XVI Lüdoviqin Parisdən qaçışı baş tutmadı. Kral Varenn yaxınlığında saxlanıldı və Fransa monarxiyasının nüfuzu tamamən korlandı. Kralın uğursuz qaçışı və Fransada respublika qurulması uğrunda mübarizənin geniş vüsət alması inqilabəleyhinə koalisiyanın yaradılmasını tezləşdirdi. 1791-1792-ci il koalisiyasının yaradılmasında (təşkilində) rus, avstriya və prussiya diplomatiyası əsas rol oynadı. 1791-ci ildə Fransaya qarşı və Fransa inqilabının yatırtmaq məqsədilə ümumavropa ittifaqının təşkili üçün Aahen və Spada konqres çağrılması ideyası yarandı. Avstriya imperatoru II Leopold Avropa monarxlarına diplomatik konqres çağırmaq və Fransaya qarşı koalisiya yaratmaq layihəsi və bu layihə ilə yanaşı müfəssəl hərəkət planı da göndərdi. II Leopold və kansler Kaunits Fransaya hərbi müdaxilə etməyi, inqilabın digər ölkələrə keçməsinin qarşısını almağın vacibliyini dönə-dönə qeyd edirdilər. Lakin bütün cəhdlərə baxmayaraq Leopold buna nail ola bilmədi.
İngiltərə və Rusiya Avstriya imperatorunun bu təklifinə münasibət bildirmədilər. Bu dövrdə Polşada rus təsirinə qarşı çıxışın baş verməsi və bu çıxışın 1791-ci il mayın 3-də çevrilişlə nəticələnməsi Rusiyanın nəzərlərini bu ölkəyə cəlb etməyə vadar etdi.
1791-ci ilin avqustunda Pilnis qəsrində (Saksoniya) imperator Leopold ilə Prussiya kralının görüşü baş tutdu. Görüşün nəticəsi olaraq avqustun 27-də “Pilnis bəyannaməsi” adı alan sənəd imzalandı. Bu görüşdə Avstriya ilə Prussiya arasında Fransaya qarşı hərbi çıxış etmək haqda razılıq əldə olundu.
Qanunverici məclis dövründə fransız diplomatiyası
1791-ci ilin sentyabrın da XVI Lüdoviq Konstitusiya qəbul etdi və özünün Milli Təsisedici məclislə həmrəy olduğunu bir daha rəsmi elan etdi. 1791-ci ilin oktyabrında Qanunverici məclis açıldı. Bu dövrdə müharibə təhlükəsi artıtdı. Q.məclis XİN-i dəyişməyi kraldan tələb etdi. 1792-ci il martın 15-də kral jirondistlərə yaxın olan general Dyumurjeni XİN təyin etməyə məcbur oldu. Dyumurje nazirliyin əvvəlki məmurlarını yeni – jirondistlərə yaxın olan adamlarla əvəz etdi. Səfirlər yeniləri ilə dəyişdirildi.
1792-ci ilin martında dünyasını dəyişən II Leopoldu I Frans əvəz etdi. Fransaya qarşı müharibə başlamaq arzusunda olan I Frans Fransa XİN-nin Prussiya ilə ittifaqı pozmaq tələbini rədd etdi. Aprelin 20-də Milli Qanunverici məclis düşmən hücumunu gözləməyib kralın müharibə elan etmək təklifini qəbul etdi. Bununla da inqilabi müharibələr dövrü başlandı. Mütləq monarxiyadan miras qalmış zadəgan zabitlər tərəfindən idarə olunan zəif fransız ordusu müdaxiləçilərə qəti müqavimət göstərə bilmir və müqavimət göstərmək istəmirdi. İlk məğlubiyyətlər (uğursuzluqlar) və kralın açıq-aydın satqınlığı monarxiyanın dağılması üçün təkan oldu.
1792-ci il 10 avqust üsyanı Fransada monarxiyanın devrilməsinə və Milli Konventin çağrılmasına gətirib çıxardı.
2.Konventin xarici siyasəti
Milli Konvent ümumi seçki hüququ əsasında çağrıldı və Fransada respublika qurdu. Kral tərəfindən təyin olunan nazirlərin əvəzinə yalnız Konvent qarşısında cavabdeh olan icraedici şura seçildi. Bu Şurada XİN jirondist Lebren oldu. Bir neçə həftədən sonra prussiya ordusu Fransa ərazisinə daxil oldu. Sentyabrın 20-də hərbi əməliyyatların gedişində dönüş oldu. 1793-cü ildə respublika ordusu Fransa ərazisini müdaxiləçilərdən təmizlədi. Savoyya, Nitsa, Reynin sol sahilini, Belçika və bir sıra torpaqları ələ keçirdi.
Jirondistlər bu dövrdə Avropa xalqlarının inqilabi azadlıığı şüarı altında Fransanın hüdudlarından kənarda inqilabi müharibə təbliğatını artırdılar.
Noyabrın 19-da Konvent öz müstəbidlərini devirmək istəyən bütün xalqlara kömək haqqında dekret qəbul etdi. Fransada monarxiya devrildikdən sonra Avropa dövlətləri Fransa ilə diplomatik münasibətləri kəsdilər. Yalnız İsveçrə, ABŞ və İsveç Fransaya qarşı düşmən mövqeyi tutmadı. Fransa nazirləri və səfirləri ilə heç kim danışıqlar aparmırdı.
1793-cü il yanvarın 21-də fransız kralının edamından sonra feodal-monarxist Avropa inqilaba qarşı daha sıx birləşdi. Razılaşmadan söz gedə bilməzdi. XVI Lüdoviqin edamından sonra fransız səlahiyyətlisi Londondan qovuldu.
Belçikada uğur qazanan fransız ordusuna Hollandiya sərhəddini keçmək əmri verildi. 1793-cü il fevralın 1-də Konvent Brissonun məruzəsinə əsaslanaraq İngiltərəyə müharibə elan etdi. Köhnə ingilis ənənəsinə əl atan Pitt Avropada müttəfiq satın almağa başladı. O, Rusiya, Prussiya, Sardiniya və Neapola iri həcmli subsidiya verməyi öhdəsinə götürərək fransız inqilabı əleyhinə (inqilaba qarşı) Avropa dövlətlərinin koalisiyasını yaratmağa nail oldu. İngilis qızılı və donanması fransız inqilabının ən güclü düşməni oldu.
Martda koalisiyanın tərkibinə İngiltərə, Avstriya, Prussiya, Rusiya, İspaniya, Hollandiya, bir neçə alman knyazlığı, Sardiniya və Neapol daxil idi.
Əksinqilabi koalisiya ta başdan Fransanı qarət edib parçalamaq planlarını Fransa monarxiyasını bərpa etmək uğrunda mübarizə adı altında yeridirdi. Koalisiyanın iştirakçıları danışıqlarda və görüşlərdə Fransanı parçalara bölür, bəzən razılığa gələ bilmirdilər.
1793-cü ilin yazında koalisiya gücləndi və martda Avstriya ordusu Belçikanı, Prussiya ordusu Reynin sol sahilini yenidən ələ keçirdi. Müdaxiləçilər yenidən Fransa ərazisinə daxil oldu. Ölkənin daxilində əksinqilabi üsyanlar baş qaldırdı. 1793-cü ilin yayında respublikanın vəziyyəti ağırlaşdı. 1793-cü il mayın 4-də jirondistlər Konventdə məğlub oldular. 31 may-2 iyun xalq üsyanları Jirondanın hakimiyyətinə son qoydu. İyunun 2-də Jorj Kutonun təklifi ilə 29 deputat jirondistlərin həbsini dekretləşdirdi. Xalq üsyanı qələbə qazandı və hakimiyyət Yakobinlərin əlinə keçdi.
- Yakobin diktaturasının diplomatiyası (1793-cü il may-iyun – 1794-cü il iyul)
Xırda burjaziya qruplarından, şəhər və kəndlərin plebey kütlələrindən ibarət bloka arxalanan yakobin diktaturası 31 may-2 iyun (1793) üsyanları nəticəsində quruldu. İnqilabı müdaxiləçilərdən qorumaq Yakobin diplomatiyasının əsas məsələsi oldu. Bu dövrdə XİN vəzifəsində Lebreni Deforq əvəz etdi. Lebren həbs edilərək inqilabi tribunala verildi və edam edildi. Yakobinlər hakimiyyətə respublikanın ən çətin vaxtında gəldilər. Bütün Avropanı birləşdirən əksinqilabi koalisiyanın orsusu şimaldan-cənuba, şərqdən-qərbə Fransa ərazisinin içərilərinə irəliləmişdi. Respublikaçılar müdafiə olunur, geri çəkilmirdilər.
İnqilabın 4 ili ərzində nə Təsisedici, nə Qanunverici məclislərin, nə də Jirondist Konvetin görə bilmədiyi işləri Yakobinlər hakimiyyətə gəldikləri müddətin 6 həftəsində etdilər.
Yakobin Konventi 2 həftə ərzində xalqı birləşdirə biləcək siyasi platforma kimi yeni konstitusiya qəbul etdi və təsdiqlədi. 1793-cü il konstitusiyası və 1791-ci il konstitusiyasından mahiyyətcə fərqlənirdi. Bu XVIII əsr və XIX əsrdə tanınan (qəbul edilmiş) konstitusiyaların ən demokratiki idi. O, Russonun siyasi ideyalarının (azadlıq, bərabərlik, xalq suverenliyi prinsipləri) əsasında yaradıldı.
1793-cü il Konstitusiyası Fransada respublika quruluşunu müəyyən etdi. Konstitusiyada fransızların bütün azad xalqların müttəfiqləri olduqları qeyd olunurdu. Fransız xalqı başqa xalqların idarəetmə formalarına qarşımır və öz işlərinə də qarşımağa yol vermir. (əlavə) 1793-cü il Konstitusiyası inqilabi diktatura rejiminin tələb etdiyi vəziyyətlə bağlı tam həyata keçirilmədi. Buna baxmayaraq Robespiyerin diplomatiyası onun prindiplərinə uyğun gəlirdi. Yakobin diktaturası Fransanın koalisiya üzərində hərbi üstünlüyünü təmin edəcək güclü kütləvi inqilabi ordunu yaratdı.
Robespiyerin başçılıq etdiyi ictimai azadlıq komitəsi qarşısına 3 əsas məqsəd qoymuşdu:
- Fransanın iqtisadi siyasi təcriddən çıxarmaq, ərzağın idxalını genişləndirmək;
- Əksinqilabi koalisiyaya qarşı digər ölklərdən ibarət qruplaşma yaratmaq;
- Koalisiya daxilində ədavət salmaqla onun dağılmasını tezləşdirmək.
1793-cü ilin yayından bütün vacib diplomatik məsələlər, danışıqlar, casusların təyini, onlara nəzarət komitənin əlində cəmləşmişdi.
1793-cü ilin sentyabrında Komitə (İctimai qoruma komitəsi) yalnız ABŞ və İsveçrədə respublika rəsmi səfirlərinin saxlanması haqqında “Müvəqqəti diplomatik əsasnamə”ni qəbul etdi. 1794-cü ilin martında Komitə səfirlərə qramota, xüsusi səlahiyyətlər, danışıqlar üçün direktivlər vermək haqda komitə qərar qəbul etdi. Robespyer yakobin diktaturasına qarşı qəsd hazırlandığını bilirdi. İri burjaziya müharibəni davam etdirmək niyyətində idi. 1794-cü ilin yazında Barer və digər gələcək termidorçular Robespyerin daxili siyasətini yaxından izləyir, hər cür maneçilik törədərək yeni qələbələr arzusu ilə yaşayırdılar. Bu ziddiyyətlər 1794-cü il iyulun 27-də baş tutmuş 9 termidor çevrilişinin səbəblərindən biri idi. Əksinqilabi çevrilişlə hakimiyyətə gəlmiş iri burjuaziya inqilabi azadlıq müharibəsini tədricən istilaçı müharibəyə çevirmək üçün özünə yol açdı.
4.Termidor irticası dövründə diplomatiya (1794-1795)
9 termidorda hakimiyyətə gələn iri burjuaziyaya yakobin diktaturasından yeni inqilabi ordu miras qalmışdı. Bu ordu Fransaya Avropanın feodal-monarxist dövlətləri üzərində hərbi üstünlük verdi. Fransanın hərbi üstünlüyü uzun müddət beynəlxalq vəziyyəti müəyyənləşdirdi. Fransız qələbələri koalisiya daxilində ziddiyyətləri o qədər kəskinləşdirdi ki, 1794-cü ilin sonunda artıq onun dağılması müşahidə olunurdu.
Termidor Konventi ictimai azadlıq komitəsini qoruyub saxlayaraq tam özünə tabe etdirdi. Konvent Komitəyə sülh danışıqları aparmaq və müqavilələr bağlamaq səlahiyyəti verdi. 1794-cü ilin noyabrından Prussiya ilə sülh bağlamaq haqda danışqlar gedirdi. 1795-ci il aprelin 2-də Bazeldə sülh müqaviləsi imzalandı. Beləliklə, Şimali Almaniya neytrallaşdırıldı. Müqəddəs Roma imperiyasının tam dağılması prosesi başlandı ki, bu prosesə 1806-cı ildə Napaleon son qoydu. 1795-ci il iyulun 22-də Bazeldə İspaniya ilə sülh imzalandı. Ondan əvvəl isə may ayında Hollandiya ilə sülh imzalanmışdı. Hollandiya Fransadan asılı olan Batav respublikasına çevrildi.
1795-ci il 1 oktyabr dekreti ilə Belçika və Reynin sol sahili Fransaya birləşdirildi. 1794-cü ildən artıq bu ərazilərlə azad olunmuş deyil, zəbt olunmuş torpaqlar kimi davranıldı. Prussiya, Hollandiya, İspaniya və başqa dövlətlər müharibədən çıxdıqdan sonra Fransa ilə müharibəni Avstriya, İngiltərə və Rusiya davam etdirirdi.
Direktoriya iilərində diplomatiya (1795-1799)
Direktoriya ilərində yeni hərbi sistem Fransaya koalisiya üzərində parlaq qələbələr verdi. Direktoriya ölkədə möhkəm idarəçilik yaratmaq iqtidarında deyildi. Direktoriya dövründə fransız diplomatiyasının əsas məqsədi hərbi qələbələrdən daha sərfəli istifadə etmək və respublikanın şərq sərhəddində Mərkəzi Avropa və İtaliya üzərində Fransanın ağalığını təmin edən asılı dövlətlər yaratmaq idi. İtaliya Direktoriya üçün ərzaq və pul mənbəyi, Şərq bazarlarına açılan yol idi. Bu bazarları tutmaq Sakit okeandakı müstəmləkələri itirdikdən sonra fransız burjuaziyasının müstəmləkəçilik siyasətinin əsas məsələsi idi.
1795-ci il konstitusiyası xarici siyasətə rəhbərliyi Direktoriyaya verdi. Konstitusiyaya görə Direktoriya danışqlar aparır, müqavilələr bağlayır, diplomatik agentlər təyin edirdi. Xarici məsələlərə baxan komissiya yenidən nazirliyə çevrildi. Direktoriya illərində fransız diplomatiyası faktiki olaraq nazirin əlində deyil, bütün diplomatik aktları imzalayan generalların əlində idi. Napaleon Bonapart Direktoriya ilə məsləhətləşmədən Toskana ilə konvensiya, Papa ilə sülh, 1797-ci ildə Avstriya ilə Kompo-Formio sülhünü imzaladı. Bonapart-Kobentsl razılaşmasına görə, Avstriya Venesiyanı almaq üçün Belçikadan imtina etdi. Venesiya respublikası Avstriya və Fransa arasında bölüşdürüldü.
1797-ci ildə XİN Taleyran təyin edildi. Zadəgan nəslindən olan keçmiş yepiskop Taleyran karyera xətrinə inqilab tərəfinə keçmişdi. Böyük ağıl və görkəmli diplomatik qabiliyyəti olan Taleyran insanlara qarşı çox soyuqqanlı idi. Bonapart mahir diplomat qabiliyyətinə malik olsa da, danışıqlar zamanı özünü səbirsiz aparırdı.
1798-ci ildə Bonapartın Maltanı zəbt etməsi və Misir ekspedisiyası Fransaya qarşı II koalisiyanın təşkilinə gətirib çıxardı. Bu koalisiyanın əsas iştirakçıları İngiltərə, Avstriya, Rusiya və Türkiy, əsas təşkilatçıları isə İngiltərə və rus diplomatiyası idi.
Pitt Fransanın Hollandiya, İsveçrə, İtaliya və Misir üzərində ağalığına yol verməməyə çalışırdı. I Pavelə gəlincə isə, o burjua Fransasına nifrət bəsləyirdi. Fransanın Mərkəzi Avropada ağalığı Rusiya üçün arzuolunmaz idi. Pavel Rusiyanın şərqdə təsirini gücləndirmək arzusunda idi. Bonapartın Misir yürüşü türk sultanını qorxuya saldı və bu Rusiya və İngiltərəyə Türkiyəni koalisiyaya cəlb etmək imkanı verdi.18 brümer çevrilişindən sonra Direktoriyanı kənarlaşdıran Napaleon hərbi diktatura rejimi qurdu. Bütün diplomatik işlər I konsul və onun nazirlərinin əlinə keçdi.
Polşanın bölüşdürülməsi:
1772-ci ildə Rusiya, Avstriya və Prussiya arasında Polşanın I dəfə bölüşdürülməsi baş verdi.
1793-c ü ildə isə Polşa yenidən Rusiya və Prussiya arasında bölüşdürüldü.
1795-ci ildə Polşanın son III dəfə bölüşdürülməsi Rusiya, Avstriya və Prussiya arasında keçirildi.
III bölüşdürülməyə görə Rusiya Litva, Kurlaadiya, Neman və Buqa qədər olan əraziləri, Prussiya Varşavanı, Avstriya isə Lyublin və Krakovu ələ keçirdi.
- 1791-ci il konstitusiyası (XVI Lüdoviq)
- 1793-cü il konstitusiyası (Yakobin diktaturası)
- 1795-ci il konstitusiyası (Direktoriya konstitusiyası)
- Qanunverici məslis – 1791-1792-ci il avqust
- Konvent – 1793-cü il may
- Yakobin diktaturası – 1793-cü il iyun – 1794-cü il iyul
- Termidor – 1794-1795
- Direktoriya – 1795-1799
- 1792-ci il – I koalisiya
- 1798-ci il – II koalisiya
- 1805-ci il – III koalisiya
- 1806-cı il – IV koalisiya
- 1808-ci il – V koalisiya
- 1813-cü il – VI koalisiya
- 1815-cü il- VII koalisiya
Müəllif: Məlikova Zümrüd. Bakı Slavyan Universiteti, Beynəlxalq Münasibətlər kafedrası baş müəllimi.
