
- Yeddillik müharibə. Onun beynəlxalq münasibətlərə təsiri və nəticələri
- XVIII əsrin II yarısında rus xarici siyasəti. “Şərq məsələsi”. Rus-türk müharibəsi
- Müharibə öncəsi diplomatiya.
Yeddillik müharibə Fransada burjua inqilabından əvvəl baş vermiş son ümumavropa münaqişəsi idi. Bu münaqişədən sonra inqilab dövründə, eləcə də XIX əsrin I yarısında dövlətlərarası ziddiyyətlər və beynəlxalq qüvvələrin yeri müəyənləşdi. Yeni ziddiyyətlər meydana çıxdı.
Əvvəla, müstəmləkələr və dünya ağlığı uğrunda ingilis-fransız mübarizəsi yeni fazaya daxil oldu. İkincisi, Almaniyada hegemonluq uğrunda Avstriya Prussiyanın rəqabəti xüsusi kəskinliyi ilə seçilməyə başladı.Bu iki əsas ziddiyyət münaqişənin əsasını təşkil edirdi. Eyni zamanda, əsrlərlə sürmüş Fransa-Avstriya,Yəni Burbonlarla Habsburqlar arasında sürən antoqonizm-barışmaz ziddiyyət sona çatdı. Əksinə avstriya-fransız ittifaqı yarandı. Rusiya imperiyası bu avropa münaqişəsinə qoşularaq beynəlxalq münasibətlərdə təsir gücünün artdığını göstərdi. XVIII əsrin II yarısından Napaleon müharibəsinə qədər olan dövrü fransızlar “II Yüzillik müharibə” adlandırırdılar. I Yüzillik müharibə zamanı olduğu kimi “II Yüzillik müharibə” də İngiltərə və Fransa dünyada I olmaq uğrunda mübarizə aparırdı. XIV əsrlə müqayisədə dünya XVII –XVIII əsrlərdə daha da genişlənmişdi.
Kapitalist münasibətləri inkişaf edən İngiltərə fransızların Hindistandakı uğurlarından, eləcə də Şimali Amerikada torpaqlar ələ keçirməsindən ciddi narahat idi. Dünya ağalığına can atan İngiltərənin bu dövrdə Şimali Amerikada yüz minlərlə müstəmləkəsi olduğu halda, burada fransızların sayı 30 mindən çox deyildi. İngiltərə hələ ispan irsi uğrunda müharibə zamanından Fransa ilə gizli müharibə aparırdı. 50-ci illərdə ingilis gəmiləri açıq şəkildə fransız ticarət gəmilərinə qarşı hücumlar həyata keçirirdilər. 1755-ci ilin bir ayı ərzində onlar 8 min ekipajı (heyət üzvü) olan 300 gəmi ələ keçirmişdilər. O zaman XV Lüdoviq etirazını bildirərək günahkarların cəzalandırılmasını tələb etdikdə ingilislər cavab olaraq iki fransız freqatını ələ keçirmişdilər. Avstriya və Prussiya arasındakı gərgin münasibətlər hələ Avstriya irsi uğrunda müharibə zamanından mövcud idi. Hələ o dövrdən Mariya-Tereziya müharibəyə hazırlaşırdı. Avstriya, Prussiya, Fransa və İngiltərə əldə etmək üçün aktiv diplomatik iş aparırdılar. Nəticədə bu münaqişəyə demək olar ki bütün Avropa cəlb edildi.
Avstriya ilə Fransanın ittifaqda birləşməsi, eləcə də Fransanın Prussiyaya qarşı çıxması bütün Avropa üçün gözlənilməz oldu. Bu dövrdə ingilislər Avropada Fransaya rəqib olan Habsburqlar monarxiyasını dəstəkləməyə başladılar. Hakimiyyətə gəlmiş yeni ingilis sülaləsi – Hannoverin mülklərini-torpaqlarını qitədə fransızlardan qorumaq üçün İngiltərə XVIII əsr boyunca bu siyasəti qoruyub saxlamalı idi. Artıq Avstriya irsi uğrunda müharibə dövründə aydın oldu ki, qitədə yeni hərbi dövlət – Prussiya meydana çıxmışdı, hansı ki Rusiya və Avstriya kimi bu dövlət də ingilis subsidiyalarından imtina edəcək görünmürdü. Hannoveri qorumaq üçün Mariya-Tereziya böyük məbləğ tələb etdi. Sileziya uğrunda müharibəyə başı qarışacaq Mariya-Tereziyanın tələb olunan yardımı göstərməyəcəyini düşünən ingilislər 1755-də bu yardımdan imtina etdilər. Rusiya tərəfindən ola biləcək (mümkün) təxribatlardan qorunmaq üçün II Fridrix “muzdlu” kimi çıxış etməyə razılaşdı.
Fridrixin son uğurları Rusiyanı təşvişə salmışdı. Kansler Bestujev Prussiyanı “qonşu olması və qüdrətinin artdığı səbəbindən”Rusiya üçün təhlükəli hesab edirdi. Prussiyanın və İngiltərə və Avstriyanın düşməni olan Fransa ilə dost münasibətlərində olması Bestujevi narahat edirdi. 1755-ci ildə o ingilis səfiri Vilyams ilə müqavilə imzaladı. Bu müqaviləyə görə Rusiya İngiltərədən 500 min funt nəğd və illik 100 min funt subsidiya müqabilində İngiltərənin qitədə düşmənlərinə qarşı 80 minlik ordu çıxarmağı öhdəsinə götürürdü. Düşmən dedikdə isə, təbii ki Prussiya nəzərdə tutulurdu. 1756-cı il yanvarın 16-da Fridrixlə İngiltərə arasında imzalanmış Uaytholl müqaviləsindən xəbər tutan ruslar və fransızlar təşvişə düşdülər. Bu müqaviləyə görə hər iki tərəf Almaniyada sülhü qorumağı və alman ərazilərinin bütövlüyünə qəsd halında birgə hərbi çıxış etməyi öhdələrinə götürürdülər. Avstriya və Rusiya bunu İngiltərə tərəfindən satqınlıq kimi qiymətləndirdilər.
Avstriya irsi uğrunda müharibədən sonra Mariya-Tereziya Fransanı öz tərəfinə çəkməyi mümkün hesab edirdi. Bunun üçün XVIII əsrin ən görkəmli diplomatlarından olan Kannits 1751-ci ildə Parisə göndərildi. O, fransızları inandırmağa çalışırdı ki, Fransa və Avstriya kimi iri dövlətlərin səhlənkarlığı nəticəsində iri dövlətlər arasında ixtilaflar salan və bundan istifadə edib ərazilərini genişləndirən Prussiya və Sardiniya kimi dövlətlər böyümüşdür.
Beləliklə, Avstriya və Fransanın yaxınlaşması üçün zəmin hazırlanmış oldu. Mariya-Tereziya Uaytholl müqaviləsinin imzalanması xəbərini XIV Lüdoviqə verdikdən sonra Fransa 1756-cı il mayın 1-də Avstriya ilə Fransa arasında qarşılıqlı təminatlar haqqında I Versal müqaviləsi imzalandı. Tərəflər hər hansı təcavüz halında bir-birinə 24 minlik ordu ilə yardım göstərməyi öhdəsinə götürürdü. Bundan öncə isə imperatriçə Yelizaveta ingilis-rus müqaviləsini ratifikasiya etməkdən imtina etdi və 1756-cı il martın 25-də Avstriya ilə müdafiə və hücum ittifaqı bağladı. Rusiya Fridrixə hücum etmək üçün Avstriyaya 80 minlik ordu verməyi öhdəsinə götürürdü. Fridrix üzərində qələbə halında da Avstriya Sileziyanı, Rusiya isə Şərqi Prussiyanı alacaqdı. Fransız diplomatları Polşa kralı və sakson kürfüstü III Avqustu bu koalisiyaya cəlb etməyə nail oldular. 1757-də Pomeraniyanı ələ keçirməyə ümid bəsləyən İsveç də bu koalisiyaya qoşuldu.
Son olaraq koalisiya 2 ittifaq müqavilə əsasında formalaşdı:
- 1757-ci il 2 fevral tarixli Rusiya-Avstriya müqaviləsi (əvvəlki müqavilələrin şərtlərini təkrar olaraq, əlavə Rusiyaya illik 1 mln. rubl subsidiya vermək nəzərdə tutulurdu);
- Versal müqaviləsi (1757-ci l 1 may tarixli) (bu müqaviləyə görə Fransa 24 min nəfər əvəzinə 105 min nəfərlik ordu çıxarmağı və Mariya-Tereziyaya illik 12 mln. florin subsidiya verməyi öhdəsinə götürürdü).
Müharibə başlandıqda Fridrixin vəziyyəti çox ağır idi. Buna baxmayaraq Fridrix bütün sərhədlərlə təkbaşına keçirdiyi 10 döyüşdən yalnız üçündə uduzmuşdu. Qəti və cəld hərəkət edən Fridrixə qarşı səriştəsiz fransız generalları və astagəl Avstriya sərkərdələri vuruşurdu. Bütün Avropaya qarşı vuruşan Fridrix ən ağır döyüşlərini Qrosseqerdorfda (1757) və 1759-cu ildə Kunersdorfda keçirdi.
1760-cı ildə rus orduları müəyyən müddətdə Berlini ələ keçirdilər. (Brandenburq möcüzəsi)
1762-ci ilin əvvəlində Fridrixin vəziyyəti xeyli ağırlaşdı. Onu bu vəziyyətdən Yelizaveta Petrovnanın ölümü xilas etdi. Rus taxtına Fridrixin pərəstişkarı III Pyotr çıxdı və o Prussiyadakı qələbələrindən imtina edərək Fridrixə kömək göstərmək arzusunda olduğunu bildirdi. Çernişev korpusuna Avstriyaya qarşı birgə hücum üçün Fridrixlə birləşmək əmr verildi. Müharibədə qüvvələr nisbəti dəyişdi.
Avropa müharibəsinə başı qarışan Fransa qərbdə çarəsiz qaldı. İngilislər 1759-cu ildə Kanadanı, 1761-ci ildə isə Hindistanda Pondişeri zəbt etdilər. Fransız donanması demək olar ki, tamamən məhv olmuşdu.
Müharibə iki sülh traktatının imzalanması ilə başa çatdı:
Qərbdə – 10 fevral 1763-cü il Paris traktatı;
Şərqdə – 15 fevral 1763-cü il Qubertsburq traktatı;
Beləliklə, Fransa Kanada – ona aid olan bütün əyalətləri ilə birlikdə, Ohayo çayının vadisini, Yeni Orlean istisna olmaqla, Missipi çayının bütün sol sahilini itirdi. Fransa yalnız 5 şəhərdə nəzarətini qoruyaraq Hindistandan imtina etməyə məcbur oldu. Avstriya həmişəlik Sileziyanı itirdi.
Beləliklə, Qərbdəki Yeddillik müharibə Fransanın Şimali Amerikadakı torpaqlarının itirməsi, dənizlərdə İngiltərənin tam hegemonluğunun təmini ilə nəticələndi. Şərqdə bu müharibə Almaniyada Prussiyanın hegemonluğunun əsasını qoydu. Bununla da, Almaniyanın Prussiyanın nəzarəti altında birləşdiriləcəyi qabaqcadan müəyyənləşdi.
- III Pyotr dövründə Rus xarici siyasətinin zəifliyi xarici dövlətlərə Rusiyanın daxili işlərinə qarşımağa, həmçinin Peterburqda intriqalar həyata keçirməyə imkan verdi (1741-ci ildə Yelizaveta Petrovna fransız səfiri Şetardinin maliyyələşdirdiyi çevriliş nəticəsində hakimiyyətə gətirilmişdi). Rus xarici siyasətinə Panin başçılıq edirdi. II Yekaterina dövründə də XİN vəzifəsini o icra etdi və III Pyotr dövründə korlanmış beynəxalq imicinin bərpa edilməsi ilə məşğul oldu. II Yekaterina hökuməti ictimai rəyin təzyiq altında II Fridrixlə bağlanmış hərbi ittifaqı pozdu.
Qubertsburq sülhü Rusiyanın iştirakı olmadan bağlandı. II Yekaterina Rusiyanın yeni xarici siyasət kursunu müəyyənləşdirdi. II Yekaterina Reç-Pospolita hakimiyyəti altında olan ukrayna və belarus torpaqların birləşdirilməsi, Rusiyanın Pribaltikada möhkəmlənməsi və Qara dənizə çıxmaq üçün Qərbi Avropa ölkələrinin dəstəyini əldə etməyi qarşısına məqsəd qoymuşdu. Bu proqramın həyata keçirilməsi yolunda əsas maneə Fransa idi. Fransanın Şərqi Avropada bütün siyasi sistemi Polşa, İsveç və Türkiyədən istifadə etməklə Rusiyanın artan təsirinin qarşısını almaq üzərində qurulmuşdu. Fransa həmçinin rus ticarətinin Yaxın Şərqə daxil olmasına yol verməyə çalışırdı.
1764-cu ildə Peterburqda Prussiya ilə Rusiya arasında müdafiə ittifaqı bağlandı. Münaqişənin məxfi maddəsində Türkiyə və İsveçə qarşı müharibə halında və Polşa konstitusiyasında dəyişikliklərə yol verməmək məsələsində birgə hərəkət etmək nəzərdə tutulurdu.
1766-cı ildə İngiltərə ilə ticarət müqaviləsi imzalandı. Polşa məsələsində tərəflər bir mövqedən çıxış etməyə razılaşdılar. Siyasi cəhətdən də tərəflər arasında razılıq əldə edildi. Belə ki, hər iki tərəfin ümumi rəqibi var idi. Bu Fransa idi. Fransa ilə ittifaqda olan İsveçə münasibətdə də ruslar və ingilislər birgə çıxış etmək qərarına gəldilər.
İngiltərə və Rusiya İsveç hökumətinə böyük miqdarda subsidiya ayırmaqla, isveç seymində ingilis-rus yönlü partiyanı maliyyələşdirməklə isveç-fransız ittifaqının bərpasına yol verməməyə çalışırdılar. 1765-ci ildə rus diplomatiyası Danimarkanı öz tərəfinə çəkməyə nail oldu. Danimarka hökuməti ilə bağlanmış müqavilənin şərtlərindən biri Türkiyə ilə müharibə halında Rusiyaya kömək göstərmək haqqında idi.
Rus diplomatiyasının bu addımları nəticəsində və İstanbuldakı fransız, avstriya səfirlərinin təsiri altında Türkiyə 1768-ci ildə Rusiyaya müharibə elan etdi. Müharibənin başlanması ilə Polşanın bölüşdürülməsi məsələsi ortaya çıxdı.
II Fridrix eyham vurdu ki, Rusiya polşa torpaqları hesabına türklərə qarşı vuruşmaq üçün Prussiya və Avstriyadan dəstək ala bilər. Rus diplomatiyası gözləmə mövqeyi tutsa da 1771-ci ilin yayında Avstriya-Türkiyə müdafiə ittifaqı bağlandıqdan sonra Polşanın bölüşdürülməsinə razı oldu. 1772-ci ilin avqustunda Rusiya Livoniyanın Polşa hissəsini, Şərqi Belarusiyanın bir hissəsini aldı.
1774-cü ildə imzalanmış Kiçik Qaynarça müqaviləsinə görə Rusiya Kinburn,Kerç, Yeniqala və Azovu ələ keçirdi və Krımın müstəqilliyinin tanınmasına nail oldu. Kiçik Qaynarça müqaviləsinin son bəndi Rusiyaya Krım işlərinə qarşımaq imkanı verirdi: bu da 1783-cü ildə Krım yarımadasının Rusiya imperiyasına birləşdirilməsi ilə nəticələndi.
70-ci illərin sonundan Prussiya meylli Paninin təsirindən uzaqlaşan Yekaterina II Fridrixlə ittifaqdan istədiklərini aldıqdan sonra özünün Avropa siyasətində yeni yollar axtarmağa başladı. Yekaterina Mərkəzi Avropada vacib və həlledici rol oynamağa can atırdı. Bavariya mirası uğrunda Prussiya və Avstriya arasında başlanmış müharibə Yekaterina üçün imkan yaratdı. Fridrix müttəfiq qismində Rusiyadan hərbi yardım gözlədiyi halda, Yekaterina Vyanaya sərt bəyannamə göndərməklə kifayətləndi. Alman işlərinə Rusiyanın qarışması bu dövrdən etibarən daha qabarıq nəzərə çarpır.
1779-cu uldə müharibənin nəticəsi olaraq imzalanmış Teşensk sülhü rus imperateriçəsinin qələbəsi kimi səciyyələndirilir. Almaniyada, eləcə də Avropada rus üstünlüyünü görən İngiltərə rusların gücünü Amerika ilə apardığı müharibəyə cəlb etmək istədi, bunun əvəzində Minorka adasını ona verməyi təklif etdi. Yekaterina ingilis-amerikan müharibəsi ilə bağlı 1780-ci il fevralın 28-də hərbi dəniz neytrallığı bəyannaməsini elan etdi. Bu akt neytral gəmilər üçün dənizdə özünü silahlı müdafiə etmək hüququnu müəyyənləşdirdi. Bu akta İngiltərədən savayı bir çox dövlət qoşuldu.
1780-ci ildə Moqilyovda iki imperator görüşü baş tutdu və Rusiya-Avstriya yaxınlaşması baş verdi. 1781-ci ildə Panin (XİN) istefaya getdi və bundan sonra rus diplomatiyasının bütün diqqəti türk probleminə və “yunan layihəsinin” həyata keçirilməsinə yönəldi. Bu layihəyə görə, türklər Avropadan qovulmalı, Yunan imperiyası yaradılmalı və yunan taxt-tacında imperatriçəsinin nəvəsi Konstantin Pavloviç oturmalı idi. Moldaviya və Valaxiyadan Dakiya bufer dövləti yaradılmalı idi. Avstriya öz növbəsində Balkan yarımadasının qərb hissəsini almalı idi. Rusiya ciddi olaraq Qara dəniz bölgəsində öz mövqelərini möhkəmləndirmək əzmində idi.
Bunu görən Türkiyə hücum gözləmədən 1787-ci ildə Rusiyaya müharibə elan etdi. 1780-ci il Moqilyov sazişinə əsasən, Avstriya Rusiya tərəfindən müharibəyə girdi. Gözlənilmədən İsveç Pyotr zamanı itirdiyi Pribaltika torpaqlarını qaytarmaq üçün uyğun vəziyyətdən istifadə etmək qərarına gəldi. Rusiyaya qarşı müharibəyə başladı. Rusiyaya qarşı düşmən mövqe tutmuş İngiltərə və Prussiya Danimarkaya isveç-rus müharibəsinə qarışmağa imkan vermədilər.
1790-cı il Verel sülhünə görə İsveç sərhədləri dəyişməz qaldı. İsveç müharibəsi Yekaterinaya İstanbula yürüş etmək imkanı vermədi.
1791-ci il Yassı sülhünə görə Rusiya sərhədləri Dnestrə qədər uzandı və Krımın birləşməsi bitərəfli aktla təsdiqləndi. Nəticədə – Yekaterina dövründə rus diplomatiyası XVII əsrdən ona miras qalmış əsas vəzifələri demək olar ki, yerinə yetirdi. Rusiya Pribaltikada möhkəmləndi, ukrayna və belarus torpaqlarının birləşdirilməsinə nail oldu. Rusiya imperiyası Qara dənizdı möhkəmləndi və ümumavropa işlərində həlledici səsə nail oldu. XVIII əsrdə Rusiyanın beynəlxalq əhəmiyyətinin artması onun hökmdarlarının imperator titulunun tanınmasına gətirib çıxardı.
Müəllif: Məlikova Zümrüd. Bakı Slavyan Universiteti, Beynəlxalq Münasibətlər kafedrası baş müəllimi.
QEYD: MƏQALƏDƏN İSTİFADƏ ZAMANI İSTİNAD ZƏRURİDİR!
döyüşdən yalnız üçündə uduzmuşdu. Qəti və cəld hərəkət edən Fridrixə qarşı səriştəsiz fransız generalları və astagəl Avstriya sərkərdələri vuruşurdu. Bütün Avropaya qarşı vuruşan Fridrix ən ağır döyüşlərini Qrosseqerdorfda (1757) və 1759-cu ildə Kunersdorfda keçirdi.
1760-cı ildə rus orduları müəyyən müddətdə Berlini ələ keçirdilər.
