Azyaşlı oğlu və ailə üzvləri şəhidimizin məzarında - ÜRƏKDAĞLAYAN GÖRÜNTÜLƏR

Azyaşlı oğlu və ailə üzvləri şəhidimizin məzarında - ÜRƏKDAĞLAYAN GÖRÜNTÜLƏR (FOTO/VİDEO)

MiQ-29 hərbi təyyarəsi ilə Xəzər dənizi üzərində təlim uçuşu edərkən qəzaya düşərək şəhid olan Hərbi Hava Qüvvələrinin pilotu polkovnik-leytenant Rəşad Atakişiyevin 40 mərasimidir.
Publika.az-ın məlumatına görə, ailə üzvləri və silahdaşları II Fəxri Xiyabanda mərhum pilotun qəbrini ziyarət edib. Şəhid pilotumuzun oğlu da mərasimə qatılıb.
Pilotun anası məzarı başında ağı deyərək, övladlarının "atalarının harada olması" sualına cavab verə bilmədiklərini dilə gətirib: "Oğlun səni görməyə gəlib, amma deyir atam ölməyib. Güllərini sənin üçün özü seçdi. Gözlərimdən yaş yox, qan axır. Yarından, balalarından doya bilməyən balam, hara getdin? Ellər oğluna yalvaraq bəlkə yarı yoldan qayıtdı. İki gün idi məni qonaq çağırdın, elə bil ölümünü bilirdin... Rəşad elə bil mənə can verirdi, nəfəs verirdi. Boyunu görəndə sevinirdik. Gecə səhərə kimi şəklinlə söhbət edirəm. Deyirəm bəlkə cavab verəsən ay ana, bəsdir ağladın. Nə şəklindən xəbər çıxır, nə də qeybdən səs gəlir".
Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev həlak olub. 34 yaşında dünyasını dəyişən hərbi pilotun nəşi avqustun 21-də torpağa tapşırılıb.