Ərəb dili haqqında xülasə


Ərəb dili dünyanın qədim dillərindən olub Sami dillər qrupuna mənsubdur. Tarixi eramızdan bilavasitə əvvəlki minilliyə gedib çıxan bu dil "qədim”, klassik və müasir olmaq üzrə üç inkişaf mərhələsi keçmişdir. Təqribi şəkildə deyilsə, birinci mərhələ eramızın V əsrinədək bir dövrü, ikinci mərhələ V-XVIII əsrləri, müasir mərhələ isə XIX əsrdən indiyədək davam edən dövrü əhatə edir.
Müqəddəs Qurani-Kərim (VII əsr) ilk klassik ərəb ədəbi dili kimi təsbit edilir.
Müasir ərəb ədəbi dili isə hazırda iyirmi iki ərəb ölkələrində dövlət dili kimi qəbul edilmişdir (İraq, Suriya, Səudiyyə Ərəbistanı, Yəmən, Misir, Liviya və s). Ərəb ədəbi dili ilə yanaşı, əhalinin danışdığı məhəlli (ölkələr üzrə) dialekt və şivələr də mövcuddur.
Ərəb dili söz ehtiyatının genişliyi cəhətdən dünyanın zəngin dillərindən hesab edilir. Vaxtı ilə ərəb xilafəti tərkibində olmuş və İslam dinini qəbul etmiş xalqların dilində olduğu kimi, Azərbaycan dilində də ərəb sözləri və ifadələri işlədilməkdədir (məs: hkm sözündən alınan sözlər:- hökm, hakim, məhkəmə, məhkum, istehkam, həkim, hikmət, təhkim, möhkəm, mühakimə, hökumət, hakimiyyət).
Ərəb dilində 28 samitin və müxtəlif saitlərin olmasına baxmayaraq, ərəb əlifbasında yalnız 28 hərf vardır. Əlifbada müxtəlif vəzifələr daşıyan işarələr (tənvinlər, təşdid, sükun, həmzə, mədd, vəslə və s.) vardır.
Ərəb hərfləri sağdan-sola yazılır və oxunur. Bu istiqamətə uyğun olaraq kitab, qəzet də sağdan sola tərtib olunur və səhifələnir.
Latın və rus hərflərindən fərqli olaraq ərəb hərfləri təkcə əlyazmasında deyil, çapda da bir-biri ilə bitişdirici xətlər vasitəsilə birləşdirilir.
Ərəb hərflərinin altısının iki (ا د ذ ر ز و), qalanlarının isə dörd şəkli vardır.
Ərəb əlifbasında baş hərflər yoxdur. Ümumi adlardan fərqləndirmək üçün xüsusi isimləri bəzən dırnaq və ya mötərizə içərisində yazırlar.
Ərəb yazısında sözün hissələri bir sətirdən digər sətirə keçirilə bilməz: sətrin sonuna sığmayan söz bütünlüklə sonrakı sətrə keçirilir, sətrin sonunda qalan boşluq isə əvvəlki sözün son hərfinin uzadılması hesabına doldurulur (məs:ك كـــ، ف فــــ ).