Xülasə
Hər din yarandığı coğrafiyanın mədəniyyətindən təsirlənərək meydana gəlir. Din bir həyat, fəlsəfə isə bir düşüncədir. Həyatımızda hər ikisinə də müvazinətli bir şəkildə ehtiyacımız vardır. Orfizm tarixdə Platon, Pifaqor kimi ilk filosofların təlimlərində yer alan bir dindir. Eyni zamanda o, Yunanıstanda həmin dövrdə var olan bir çox dinə meydan oxuyaraq yeni bir səhifə açmışdı, çünki günəş mərkəzli (heliosentrik) dinlər arasından tək tanrı düşüncəsini aşılayan ilk heliosentrik dindir. Orfizmin yaradıcısı mifoloji bir fiqur olan, musiqisi ilə hər kəsi valeh edən Orfeydir. Mövcud olduğu coğrafiyada qarşılaşdığı həvari Pavelin başçılığı ilə formalaşan xristianlığa təlimləri ilə təkan vermişdir. Ruh köçü, ruhun ölümsüzlüyü, digər dünya inancı, əziyyətli bir dünya həyatı, insanı bədən və ruh olaraq ikiyə ayırmaq əsas xüsusiyyətlərindəndir.
GİRİŞ
E.ə. VII və VI yüzilliklərdə vacib sosial, fəlsəfi və dini hərəkatlar meydana gəlmişdir. Bu dəyişikliklərə siyasi və iqtisadi amillər səbəb olur. Cəmiyyətin kral və əsilzadələrin hakimiyyəti altında olduğunu göstərən ifadələrə Homerin şeirlərində tez- tez rast gəlirik. Bu vəziyyət İoniyada sənaye və ticarətin inkişaf etməsi ilə birlikdə yeni varlı sinfin köhnə əsilzadə sinfinə rəqib olmasına qədər davam edib. Özünü inkişaf etdirən bu yeni siniflə birlikdə cəmiyyətdə siyasi və sosial bir şüur meydana gəldi. Köhnə siyasi quruluşun tənəzzülü yeni sosial və iqtisadi qaydaların vacibliyini təsdiqlədi. İnsanlarda fərdi şüur peyda olduqca onlar özlərini, ətraflarında baş verən hadisələri və yaşadıqları yeri düşünməyə , sorğulamağa və tanrı , təbiət və tanrıların qaydaları ilə bağlı mövzuları müzakirə etməyə başladılar. Bu dövr nəsihətləri ilə sadəcə Yunanıstanda deyil, bütün dünyada tanınan yeddi müdrikin yetişdiyi dövrdür. Bu hadisələr nəticəsində V yüzilliyin sonu və IV yüzilliyin əvvəllərində cəmiyyətə güclü təsir edən orfizmin yaranmasını izləyə bilir və onun Herodot, Evripid, Pifaqor və Platonun əsərlərində təzahürlərinə rast gələ bilirik.
ORFEY
Əslində Orfey adında biri yoxdur, fəqət tarix səhnəsində həqiqətlə mif arasındakı yerini alır. Aristotelə görə Orfey heç vaxt mövcud olmamış bir personajdır. Əgər həqiqətən də yaşamış biridirsə, təqdirəlayiq bir yenilikçi, dini bir lider və bu yolda ölən bir qəhrəmandır. Real və ya mifoloji personaj olmasından asılı olmayaraq Orfey çoşqun və çılğın saya biləcəyimiz şərab tanrısı Dionisə tam zidd bir şəxsdir. Orfey Apollon ilə ilham pərisi Kalliopanın oğludur. Yeddi telli lirin ustası, bütün təbiətin onu dinləməkdən doymadığı, ayaqlarının altında vəhşi heyvanların səssizcə uzandığı bir ozan və musiqiçidir. Əfsanəvi musiqiçilərin ən böyüyü olmaqla yanaşı eyni zamanda ölümsüzlüyün yolunu tapan və bunu açıqlayan, ilham paylayan bir teoloqdur. Lefran de Pompinyan onu “dünyanın ilk musiqiçisi” olaraq adlandırmışdır. Orfey günahlardan təmizlənmə düşüncəsini mifologiyaya qatan ilk şəxsdir. Yeraltı dünyanın tanrıları Hades və Persefonanı da cəzb edərək yoldaşını xilas etmək şansına çatacaqdır. Ustadı Apollonun himayəsi altındadır və ondan lira çalmağı öyrənmişdir. Apollonun onun atası olduğunu deyənlər də vardır. İndiyə qədər gördüyümüz Yunan qəhrəmanlarının heç birinə bənzərliyi yoxdur. Zəfərdən zəfərə qaçan, döyüş meydanlarında möcüzələr yaradan, qılıncından qan damlayan bir qəhrəman deyil. O, həssas ürəkli, zərif , lirik və incə nəğmələri ilə könülləri fəth edən, maddi güclə edilə bilməyən igidlikləri sazıyla, sözüylə edən sənətkar qəhrəmandır. Ezoterik bir dinin qurucusudur. Mövcud dini mətnləri şərh etməklə kifayətlənməmiş, eyni zamanda öz düşüncələrini də irəli sürmüşdür. Siciliyalı Diodora görə Orfey dini ritualları Misirdə öyrənmişdir. Diodor və digərlərinin onu Dionis ilə əlaqələndirdiklərinə baxmayaraq Orfey bütün Yunan ezoterik dinlərinin yaradıcısı olaraq bilinir. Proklusa görə bütün Yunan ilahiyyatı Orfizm doktrinasının əsəridir. Yamvlixə görə isə Pifaqor və Platonun “mövcud hər şey ədədi dəyərlərə əsaslanır” tezisinin dayağı Orfeydir. Platonun “Timey” adlı dialoq kitabı da Orfeydən qaynaqlanır. Ədəbiyyatda Orfeydən bəhs edilən ilk mətnə İran döyüşlərindən əvvəl Yunan şairi İvikin bir əsərində rast gəlmək olar. Pindar da Orfeyin şöhrətini artıran digər bir aşıqdır. O, Orfeyi mahnıların atası olaraq xarakterizə edir və Apollon ilə olan əlaqəsini xüsusilə qeyd edir. Pindarla eyni zamanda yaşamış olan Simonidin şeirlərində isə Orfeyin musiqisiylə sakitləşən vəhşi heyvanlar görürük. Orfeydən bəhs edən ən köhnə mənbələrdən biri isə Esxilin “Likurq” adlandırılan dörd pərdəli pyesidir. Bu pyesin mətninin müəyyən bir hissəsinin itmiş olmasına baxmayaraq bəzi əhəmiyyətli nəticələr əldə etməyə imkan verir. Bunlardan birində Otto Kern Esxilin Orfeyi Apollona ibadət edən bir şəxs olaraq canlandırdığını göstərir. Orfeyin Apollona ibadət etdiyi ilk dəfə burada nəzərə çarpır. Həmçinin Orfey Afinada tapılmış və tarixi e.ə VI və V əsrlərə təsadüf edən sənət əşyalarında qolunda lirası ilə pillələri çıxarkən təsvir edilir. Perikl dövrünə aid İtaliyanın cənubunda tapılan qırmızı bir kraterdə ( çaxır və suyu qarışdırmaq üçün antik qab) isə frakiyalıların özlərindən gedərək dinlədikləri bir vəziyyətdə Orfey qayaların üzərində oturaraq mahnı oxuyur. Roma dövrünə aid bir çox katakombalarda musiqisiylə bütün təbiətə təsir edən Orfey tez-tez təsvir edilir. Simonid Orfeyin gözəl nəğmələrini, Esxil inandırıcı səs tonunu, Evripid isə cazibədar danışığını, nəğmələrini və gitarada ifa etdiyi musiqi parçalarını öz əsərlərində qeyd edir.Səslərinin gözəlliyinə görə Orfey və Həzrəti Davudun eyni Tanrıdan ilham almasını iddia edənlər də vardır.
Orfeyin bilinən ən məhşur hekayəsi Evridika ilə bağlı olan kədərli bir hadisədir. Evridikanı bir ilan çalır və o ölür. Orfey Evridikanın ölümündən sonra çox böyük kədər içində olur və onun ardınca yeraltı dünyaya getməyə qərar verir. Orfeyin həyat yoldaşı Evridika üçün oxuduğu ağılar yeraltı dünyanı idarə edən Hades və Persefonanın diqqətini çəkir. Orfey yeraltı dünyaya çağırılır və ona kimsəyə təqdim edilməyən bir təklif irəli sürülür. Evridikanın yer üzünə yenidən dönməsi üçün tək bir şərt vardır: Orfey və Evridika birlikdə yer üzünə çıxacaqlar, lakin yer üzünə çıxana qədər Orfey yoldaşının üzünə baxmayacaq. Son çıxış nöqtəsinə gələnə qədər səbr edən, eşq atəşiylə tutuşub qovrulan Orfey özünə hakim ola bilməyib arxaya çevrilir və Evridikanı xilas etmək şansını əldən verir. Sevdiyi qadın bir buxar kimi havaya yüksəlir və gözdən itir. Orfey onu tutmaq istəyir, lakin ruhları qayıqla cəhənnəm çayı Stiksdən keçirən qayıqçı Haron onu bir daha öz qayığına mindirməkdən imtina edir. Onun hekayəsi musiqinin gücünün ilk nümunəsidir. Çünki o, musiqisiylə insanların ruhlarını dincəldərək sülhə xidmət etmişdir. Tarixçi və dövlət adamı Polibiyə görə musiqinin insanlar üzərində sakitləşdirici bir təsiri vardır. Polibi Arkadiyada yaşayan Kynaetheansların vəhşiliyini musiqini tərk etməkləri ilə əlaqələndirir.
Orfey Dionis kultunun içində olan bir çox qanlı səhnələri reform etməyə çalışmışdır. Orfey o dövrdə qaçılmaz , əzablı yuxuya bənzəyən ölümdən ruhları xilas etməyə çalışan bir ruh lideridir (psychopomp). Orfey təlimində inananlar ölümün taleləri olmadığına və eynilə Evridika kimi Hadesin cəhənnəmindən xilas olmağa inanırdılar. Yunan torpaqlarında ölümsüzlük ilk dəfə Orfey vasitəsilə dilə gətirilməkdədir. Pifaqor , Sokrat və Platon bu düşüncəni gələcək zamanlarda inkişaf etdirmişdirlər. Günümüzə qədər gəlib çatan Orfizm təlimlərdən əksəriyyəti bu şəxslər tərəfindən çatdırılmışdır.
Orfey də Dionis, Attis, Adonis, Herakl, Osiris və İsa Məsih kimi acı çəkən xilaskarlar arasındadır. Bunlarda görülən ortaq məqsəd bu təlimlərdən liderləri kimi inananlarının da müəyyən bir əziyyətin sonunda təbii cənnətlərinə dönəcəkləri ideasıdır. Orfizm təliminin ardıcılları, kənar dünyadakı taleyimizin bu dünyadakı vəziyyətimizlə əlaqəli olduğu doktrinasını Yunan dünyasına ilk təqdim edən şəxslərdir. İsgəndəriyyəli bir yəhudi tərəfindən yığılan Orfeyin Apokrifal təlimlərində Orfey, təkallahlıq axtarışı içində olan və Allahın tək olduğu tezisini iddia edən ilk paqan dini müəllimidir. Orfeyin politeizmdən monoteizmə dönüşündə Misirə etdiyi səfərin təsiri olduğunu iddia edən yazıçılarla birlikdə bu düşüncəni inkar edən Fiçino kimi yazıçılar da var.
Orfeyin ölümü də hüznlüdür. Evridikanı ikinci dəfə itirdikdən sonra, özünü yenidən musiqiyə qərq edir. Aylarca iztirabını dağlarda təbiətlə paylaşır.
Bir rəvayətə görə şəraba nifrət etdiyi və insanlara musiqi ilə sərxoş olmağı öyrətdiyi üçün nifrətini qazandığı Dionisin qadın müridləri olan Bakkhalar (Mainodlar) tərəfindən öldürülmüşdür. Öldürüldükdən sonra başı Midilli (Lesbos) adasına qədər gəlir. Apollon Orfeyi buradan alır və sonrada ulduzlar arasında “Lyra” olaraq yerini alır. Pausanisasın rəvayətinə görə də Orfey, insanlara musiqinin müqəddəs sirrlərini eşitdirdiyi üçün Zevsin ildırımı ilə vurularaq öldürülmüşdür.
III. Bir Təlim və Mifik Bir Din Olaraq Orfizm
Orfizm M.Ö. VI əsrdə inkişaf etməyə başladı və Pifaqorun fikirləri ilə yekunlaşdı. Orfizm ruhun ilahiliyini və ölümsüzlüyünü, bədənin çirkliliyini bildirir, ölümü bir qurtuluş sayırdı. Orfizmə görə içində olduğumuz dünya, kənar dünya ilə müqayisə edildiyi zaman önəmsiz qalır. Çünki orda hər şeyi əldə etmək şansımız vardır. Platon, məlumat nəzəriyyəsini bu ənənənin təsiri altında inkişaf etdirdi. Çıxış nöqtəsi olan dinlərə qarşı bir manifest xüsusiyyətində idi. İnsan yaxşı və pisdən yaranan dualist bir quruluşdan yaranır düşüncəsini daşıyırdı. Ənənəvi yunan düşüncəsinin əksinə, Orfik inancda insan ruhu bədəninə və bu dünyaya bağlı deyildir. Ruh əsl insandır və bədəndəki halı müvəqqəti bir ziyarətdir. Platonun da ifadə etdiyi kimi Orfik inancda bədən bir həbsxanadır və ya məzardır. Ruh isə ölümsüzdür. Evripid ehtimal ki, Orfizmdəm təsirlənərək belə deyir: “Ölüm bir həyatdır”. İçində olduğumuz dünya, günahlarımız üçün bir cəzadır, insan övladı ancaq kənar dünyada təmizlənəcək və Tanrı ilə görüşəcəkdir. Orfizm, əslində Dionostik düşüncənin reformasiya edilmiş halıdır. Dionis mədəni , sadə , ilkin , bəsit, anında edilən və duyğusal olduğu halda , Orfizm inkişaf etmiş , gözdən keçirilmiş , detallı və intellektual bir təlimdir. Ortaq cəhətləri də çoxdur. Hər ikisi də eyni tanrıya – Dionisə fokuslanmışdır. Ölümsüzlüyü hədəfləmişlər vəayinlərdə bu hədəfə çatmağa çalışmışlar. Bütün bunlarla birlikdə OrfizmiDionis təlimindən ayıran ən bariz fərq Orfizmin həyatı əziyyətli bir baxıştərzi ilə izah etməsidir.
Yunanların ana dini olmasını əldə etməməməsinə baxmayaraq , yunanların arasında rəngli fəlsəfi mübahisələrə yol açmışdır. Orfizm , yunan düşüncə dünyasının təməlini qıraraq, yeni səhifə açmalarına səbəb oldu. O vaxt zehinlərdə bir maya vəzifəsi görərək, düşüncələri üçün yeni bir impuls yaratdı. M.Ö. VI əsrdə yunanların qarşısında 2 yol var idi: İoniyalı fiziklərin təqib etdiyi rasional düşüncə və araşdırma, digəri isə Orfizmin işarə etdiyi mistisizm. Bu iki axın ayrı-ayrı məcralardan axsa belə, çox zaman yeni bir şey yaratmaq üçün bir araya gəlmişlər. Orfizmin harada başladığı tam olaraq bilinmir. Delfi, Fiv və Afina əsas mərkəzləridir. Bəziləri İtaliyanın cənubunda Sicilyadaki Kamarina, Sirakus və Krotonu əsas mərkəzləri olaraq dəyərləndirib ,Krotonu da ana vətəni olaraq tanıyırlar. Yayıldığı yer isə Afinadır. O zaman məşhur olan politeist düşüncəyə qarşı çıxaraq panteizm düşüncəsini ortaya qoyar. Orfizm inancında tanrı təkdir və hansı forma və şəkildə olursa olsun universaldır. Bir çox Orfik mətndə Zevs tək bir tanrı olaraq xarakterizə edilir. Bilindiyi kimi Dionis Zevsin Semeladan olan doğma oğludur. Bir rəvayətə görə Dionisi Heranın əmrinə uyaraq Titanlar parça-parça edib ətlərini yemişlər. Bu zaman Afina uşağın ürəyini alıb Zevsə çatdırmağı bacarmışdır. Zevsin baldırında saxladığı və tanrının ölümsüz cövhərini təşkil edən bu ürəkdən ikinci bir Dionis dünyaya gəlmişdir. Zevs oğluna edilən bu davranışı cavabsız buraxmamış, onları ildırımla yandırıb kül etmişdir. Dionisi yeyib udmuş Titanların külləri içərisində Dionisdən bir cövhər qalmışdır. Orfik təlimə görə, insan övladı bu küllərdən meydana gəlmişdir. Burada dualist bir düşüncə yaranır. İnsan övladında Dionisdən gələn ilahi bir öz olduğu kimi, Titanlardan gələn maddi və günahkar bir quruluş da vardır. Buna görə insan, Yer ilə Göyün, Titanlarla tanrının qarışığından meydana gəlmişdir. İtaliyanın cənubunda tapılan bir kitabədə buna bənzər ifadələr vardır: “Mən ulduzlarla örtülü səma ilə torpağın uşağıyam ,fəqət mənim irqim cənnətdən gəlir. Özünüzü belə bilin”. Bu ifadələrdə insanın dualist quruluşu ortaya çıxır. İnsan bədəni torpağa, ruhu isə müqəddəs bir mənşəyə söykənir. Orfik təlimə görə insan dualist quruluşunun ilahi yönünü təmsil edən ruhunun Titanlara dayanan bədənindən qurtulub azadlığa qovuşmasını gözləməkdədir. Əzəli səadəti tapmaq üçün Dionisin çəkdiyi əziyyətin oxşarını çəkmək və bir sıra dünyəvi anlayışlardan yayınmaq lazımdır. Ölümdən sonra ruh Hadesə getməyə məhkumdur və burada başqa bir bədənə bürünərək müəyyən bir vaxt qonaq qalır. Bu alın yazısı, etdiyi günahların bir nəticəsidir. Belə bir alın yazısı ilə qarşılaşmamaq üçün Orfizm təlimini çəkdiyi yol xəritəsini təqib etmək lazımdır. Ət yeməkdən, qan axıtmaqdan, yumurta və paxlalılardan imtina, yunlu paltar geyinməmək və hətta yun parça ilə dəfn olunmağa olan qadağa bu təlimin şərtlərindən bəziləridir. Heredot ölümlə əlaqədar olaraq Orfizm və Misir adətlərini müqayisə etdiyi zaman bunları xüsusililə qeyd edir:
“Orfey və Dionis dinlərində də eyni qadağalara rast gəlinir ki,bunlar da Misirdən və Pifaqorçulardan qaynaqlanır. Bu dinlərə iman gətirənlər yun parça içində dəfn olunmaq haqqına sahib deyildirlər”Herodotun hesabatlarına bunlardan başqa inisiasiya və ayin mərasimləri aiddir. Bütün edilən bu mərasimlər bədəndə həbs olunan ruhun günahdan təmizlənilməsi və reinkarnasiyası məqsədini bu formada təcəssüm etdirir. Cəhənnəmə düşmə bir cəza, günahın əvəzi və təmizlənmə müddətidir. Cəhənnəmdəki cəza müddəti tamamlandıqdan sonra ruh Yer üzundəki dərəcəsinə görə yeni bir bədən tapır. Ruh yeni birini axtararkən bu bədən hər zaman insan formasında olmaya, at, qoyun, it və quş kimi heyvan bədənləri də ola bilər. Liza Lok “Orfey və Orfizm” adlı əsərində Orfizmin önə çıxan xüsusiyyətlərini bu formada düzmüşdür:
- Tək tanrı inancına yönəlmək
- Şeytanın varlığını qəbul etmək.
- Ruhun bədəndən ayrılabiləcəyini dərk etmək.
- Ruhun ölümsüzlüyünü qəbullanmaq.
- Günahın daimi olduğunu vurğulamaq
- Inisiasiya olanlara mükafat,olmayanlara cəza verən bir kənar dünya inamı.
- Qan axıtmağı rədd etmək.
- Orfizm və Pifaqorçuluq eyni düşüncənin erkək və dişi formaları olaraq göstərilə bilər. Birində vizual və fantastik elementlər varkən, digərində isə rasional və elmi elementlər var. Biri, fərdi təmizlənməyə cavab verərkən, digəri dövlət və cəmiyyətin tələblərinə cavab verir. Biri paklıq və çirklənmə qorxusu ilə doluykən, digəri mülki nizam və xoşniyyətliliyin məqsədini tənzimləyir. Birində peşmanlıq duyulan bir tədricolunmaya yönəliş varkən, digərində özünü sənət üzərində ifadə edən etik bir mədəniyyətin qərarlaşmış intizamı vardır. Orfizmə inananlar arasında üzvləri bir araya gətirən bir din qardaşlığı varkən, Pifaqor cəmiyyəti yarı siyasi bir tərzdir. Orfizm, riyazi və astronomik araşdırmaları hesaba qatmadığı halda, Pifaqorçuluq, astroloji və teoloji mübahisələrdən uzaqdır. Bütün bu saydığımız fərqliliklərə baxmayaraq, bu iki ayrı düşüncə arasında tək bir qabda əriyəbiləcək qədər güclü uyğunlaşma vardır. Pifaqorçuluğu, Orfizmin varisi olaraq görüb, Orfizmi fəlsəfi bir axın olaraq da dərk edənlər vardır.
Daşlardan tanrılara hər şeyə təsir edən Orfeyin lirası, insanların hisslərini hərəkət etdirmə naminə Pifaqorun əlində elmi bir alətə dönmüşdür. Orfey bir ozan olduğu halda, Pifaqor bir intellektual və araşdırmaçıdır. Pifaqor yalnız musiqini istifadə etməklə qalmayıb, necə işlədiyini araşdırıb üzərində təcrübələr aparmış və nəticələrini riyazi formulalarla tanıtmıştır. Hər nə qədər müridləri yaratdığı fikirləri tamamilə onunla əlaqələndirsələr də, vətənindən kənarda qaldığı dövrdə Memfis və Babilin müdrik adamlarından təsirlənmişdir. Pifaqorun irəli sürdüyü tezislər, xaricdə öyrəndiyi elmi təlimlərlə Orfizmin harmoniyasıdır. Bu sintez, Avropadakı ilk fəlsəfə məktəbinin bünövrəsini qoymuşdur. Orfizmdə mövcud olan bütün varlıqlara sevgiylə yanaşma Pifaqurçulara da da keçmişdir.
Platonda da Orfik düşüncənin izləri görülür. Kratil adlı əsərində bədəni, ruhun həbsxanası olaraq görür və ruhun gücünə olan inancını ifadə edir. Dramaturq sənətçi Evripidin, Kritlilər adlı oyununda Orfik izlər görülür. İppolit (Zevsin oğlu) adlı oyununda isə tipik və tutarlı bir Orfik ənənəni təsvir edir. Pindarın şeirlərində Orfizmin ölümsüzlük mövzularına rast gəlinir. Orfik təlimlərin rast gəlindiyi digər bir şəxs isə antik Yunan komediyasının ustası Aristofandır.
Orfizm və XristianlıqTarix, Yəhudi Xristianlığını Yunan Xristianlığından ayırır. Birincisində Hz. İsanın ətrafında Yəhudi bölgəsində cərəyan edərkən, ikincisində hadisələr İsanı tərk edib, Yunanıstanda inkişaf edir. Hz. Isa “Jesus” deyə adlandırılırken, Paulun təlimlərinin sıx olduğu dövrlər Yunanıstanda Hz. Isa “Christ” olaraq adlandırılır. Müqəddəs Paul var olan dini sistematik hala gətirib, formulator rolunu oynayır.Müqəddəs Pavel, liberal və mühafizəkar baxımdan olmaqla iki prizmadan analiz olunur. Müqəddəs Paveli liberal baxımdan analiz edən birinci düşüncə sahiblərindən F. C. Baura görə, Müqəddəs Pavelin üzərindəki ellinizmin təsiri, Platonun təlimlərində ilhamlanaraq bu hala gəlmişdir. Liberal axının ikinci düşüncə məktəbinə görə isə fəlsəfi təsir rədd edilməməklə birlikdə, Yunan dünyasının sirrli dinlərinin ağırlığı da vurğulanır. Müqəddəs Pavellə ənənəvi bir xətt istiqamətində araşdıran mühafizəkar görüşə görə isə, ellinizm axınlarının təsiri dar bir çərçivədədir. Professor Klemen Xristianlıqla mistik dinlər arasındakı bağları öz təsbit etdiyi meyarlara görə dəyərləndirmiş, xristianlığa təsir edən mistik dinləri analiz etmiş və Orfizmi ən təsirli mistik din olaraq qeyd etmişdir. Digər mistik dinlər ortaya çıxış zamanı və ya məkanına görə Xristiyanlıqdan çox uzaqdırlar.
Xristianlığın ilk dövrlərində Orfey və Hz.İsa arasında müqayisə edilir. Hər ikisi də mövcud olan dini nizama salmaq üçün göndərilən yarı tanrılardır. Hər ikisi də sevdiklərini əbədi ölümdən xilas etmək üçün o biri dünyaya getmişlər. Orfey Evridikanı gətirməyə gedəndə eramızın 2-ci əsrindən etibarən formalaşan və Bibliyada mövcud olmayan bir düşüncəyə görə Hz. İsa Əhdi-Ətiqin köhnə qurucularını gətirməyə çalışmışdır, hər iki dinin prinsipləri dünyadakı yaşamdan aslı olaraq ruhun ölümsüzlüyünü təsvir etmişdir . Hər ikisi də dinləri üçün özlərini fəda etmişdir .Xristianlıqda Həzrəti İsa insanların günahını ödəmək üçün özünü qurbanlıq quzu kimi təsvir etmişdir, orfizmdə isə Orfey Dionis rituallarında parçalanaraq öldürülür.Bu dinlərə yəni orfizm və xristianlığa inananlar o biri dünya üçün yaşadıqları dünyada həzz almaqdan imtina etmişdilər.
Hər ikisi də bir çox dünyəvi həzzlərdən özlərini məhrum etmiş, hətta bəziləribu əqidə üçün özlərini cəmiyyətdən belə təcrid etmişlər. Hər iki din mənsubları yalnız öz irq və dinindən olan kəslərlə deyil ,həmçinin digər dinlərə inanan insanlarla da ünsiyyət qururdular. Xristianlıqda xaç suyuna salınmaqla günahlardan təmizlənmə, orfizmdə buna müvafiq olaraq xoşbəxtlik gətirən orfik inisiyasiyalardır(initium sözündən olub bir yerə girmə, başlama kimi tərcümə olunur) ,yəni orfizmdə bu, titanlardan gələn xarakterlərdən təmizlənib yaxşılığı təmsil edən Dionis xarakterinə keçid kimi dəyərləndirilir ,xristianlıqda isə xaç suyuna salınmaq mənəvi aləmə keçidin bir təcəssümü sayılır .Orfizm və xristianlığa əsasən günah fərdi bir qəbahət deyil, bu insan doğulandan bəri mövcud olan bir şeydir və insan bundan dərhal qurtulmalıdır. Görünür orfizm Avropada ,ya da bütün dünyada xristianlığın əksər xüsusiyyətlərini özündə ehtiva edən, o biri dünya anlayışını vəd edərək bu dünyada mövcud olan ilk dini nəzəriyyədir .
Müqəddəs Pavelin nəzəriyyələrinə əsasən orfizm antropologiyası və soteriologiyası (Hz. İsaya iman edərək xilas olma nəzəriyyəsi) arasında oxşarlıqlar vardır. Həzrəti İsa Allah tərəfindən dünyaya göndərilir , Zaqrey isə Zevs tərəfindən yenidən dirildilib yenidən dünyaya gəlir .Məhz elə Orfizmin özü də Zaqreyin mifoloji hekayəsinə əsaslanır, bu mifologiyaya əsasən Zevs və Persefonanın oğlu Zaqrey titanlar tərəfindən öldürülmüşdür.
Zevs ildırımla titanları yox etdikdən sonra Zaqreyin sağ qalan ürəyini yemiş və ikinci Dionis yaratmışdır. Bu mif xristianlıq dövrünə kimi orfizmin təməl nöqtəsini əks etdirmişdir .orfizmi teolojik olaraq tədqiq etdiyimiz zaman burda 5 ünsür daha ön plana çıxır:
1) Zaqrey Zevsin oğludur
2) Zaqreyi titanlar öldürmüşdür
3) Zevs Zaqreyi yenidən həyata qaytarmışdır
4) Zevs Zaqreyi göylərə yüksəltmişdir
5) Zevs Zaqreyə bir krallıq vermişdir
Bu mifik fiqurlar haqqında Müqəddəs Pavelin hazırladığı xristianlıq amentusunda(ibadət etmək üçün lazım olan dini əsaslar ) bəhs edilmişdirş O vaxt bir çox insan tərəfindən Dionisin(Zaqreyin) yenidən dirilməsi həqiqət kimi qəbul edilmiş və orfizm teologiyasında Zevs və Dionis ata və oğul kimi əks etdirilmişdir Dionis və Həzrəti İsa arasındakı bu oxşarlıq ilk xristianlar tərəfindən də kəşf olunmuş və şeytanın işi olaraq qiymətləndirilmişdir Castin Martir bu oxşarlıq haqqında bəzi mülahizələr irəli sürmüşdür:
“Həzrəti İsanın gələcəkdə yenə gələcəyi digər peyğəmbərlər tərəfindən bilindiyi üçün Zevsin oğlu Zaqrey(Dionis) mifi uydurulmuşdur.”
Xristianlar isanın gəlişini tövratın ilk 5 kitabındakı Təqvin hissəsində adı keçən Yaqub peyğəmbərin kəhanəti ilə əlaqələndirmişdilər.Castinə görə İsa Məsihin geri dönüşü və Dionis bundan təsirlənmişdir və Dionosin həyatı, ölümü ,yenidən dirilişi, göyə yüksəlməsi məhz bu hadisəylə oxşarlıq təşkil edir.
Nəticə:Günahlardan təmizlənmə ,reinkarnasiya, ruhun əbədiliyi orfizmin təməl prinsiplərini təşkil edir. Bu dinin Misir və hindistanda yarandığına dair əfsanələr gəzir, lakin təsdiqlənməmişdir. Orfizm Dionis kultu ilə əlaqəlidir və Yunanıstana Frakiyadan gəlmişdir. Xristianlıq Yunanıstana yayılmazdan əvvəl orfizm artıq çox yayılmış bir din idi, orfiklər Yunanıstanın ilk filosoflarından olmuşdur.
Orfizm Platon, Pifaqor kimi yunan dünyasının öndə gələn filosoflarını təsir altına almış, Heredot Evripid, Pindar kimi bir çox yazıçıların əsərlərində qarşımıza çıxmışdır. Müqəddəs Pavelin nəzəriyyəsiylə yenidən formaya salınan xristianlıqda digər xüsusiyyətlərin üzə çıxması mübahisələrə yol açmışdır. Orfizm əvvəldə də qeyd etdiyimiz kimi xristianlıqla oxşar prinsiplərə sahibdir. Təktanrılı dinlərdə olduğu kimi, bu dünyadakı yaşam tərzimizdən aslı olaraq o biri dünyada hansı mövqe tutacağımız bu mistik dində də özünü əks etdirmişdir
Dualist(ikili) bir quruluşa mənsub olmaqla ,bugün bir çox dində gördüyümüz o biri dünya və panteizm anlayışını özündə ehtiva edən bu din heliosentrik bir din kimi diqqətləri çəkmişdir. Mifologiyada bundan başqa Orfey və Evridika arasında olan eşq də öz əksini tapmışdır. Orfeyin dağı, daşı insanları ,hətta yerin altındakı tanrıları cəlb etməsi musiqinin gücünü göstərən ilk səhnələrdən sayılır.
