Bax gəldin həyatıma, sevginin qədrin bilək - Fərqanə Yusifqızının şeirləri

Bax gəldin həyatıma, sevginin qədrin bilək - Fərqanə Yusifqızının şeirləri

Şairə Fərqanə Yusifqızının şeirləri:
TƏNHA QADIN

Xəyal qurma boş-boşuna,
Suya düşər xəyalların..
Az sənindi, çox istəmə,
Qapanmaz ki yaraların...

Nəyin var ki bu dünyada
Bircə kölgən, bir də adın,
Xəyal qurma,
özünə gəl,
Dərdinlə qal, tənha qadın...

Bir kimsənin həniri yox,
Zülmət dolar otağına.
Qalın geyin, üşüyərsən,
Qar yağacaq yatağına.

QALARSANMI MƏNİMLƏ

Heç özüm də bilmirəm hardan çıxdın qarşıma,
Sən Allah, bundan belə bəla olma başıma,
Ürəyim çoxdan susub, baxma cavan yaşıma,
Baxma sığal telimə, kirpiyimə, qaşıma,
Eləcə uzaqdan sev, axı eşqdən qorxuram,
Eşq adlı xəstəliyə bilmədən yoluxaram.
Ya sevsəm, ömür boyu sevincimlə, qəmimlə,
Qalarsanmı mənimlə?

Bəlkə də, incidərəm qəfildən ürəyini,
Ya da heç qorumaram evinin dirəyini,
Əlini uzat mənə, tutarsam biləyini,
Yenə də sevərsənmi bu ərköyün dəlini?
Deyərsənmi, əzizim, sənsən qolum-qanadım,
Bu həyat yollarında sənlə çəkilsə adım,
Fırtınalı dənizdə üzərsənmi gəmimlə,
Qalarsanmı mənimlə?

Niyə axı gecikdin, hardaydın bu vaxtadək,
Mənə yetişincə sən, qəmlə doldu bu ürək?
Bax gəldin həyatıma, sevginin qədrin bilək,
Uçaq sənlə səmaya, göylərdən ulduz dərək.
Deyək ki, xoş gəlmisən, ay gecikən sevdamız,
Qoy birləşsin səninlə damarlarda qanımız.
Desəm əgər əbədi var olacam səninlə,
Qalarsanmı mənimlə?

DARIXMAQ

Darıxmaq nədir,
deyim?
- Hisslərin ən zalımı.
Bir anda havalanıb,
Küçələrə düşməkdi.
Gözünü uzun müddət,
Məchulluğa zilləmək.
Sonra
dərbədər gəzib,
Zülüm-zülüm inləmək.
Darıxmaq,
inan, bəzən
Əllərini unutmaq.
Yaddaşın qan gölündə
Boğulmaqdı, məsələn.
Günəş işıq saçsa da,
Başına yağar dolu,
Gedirsən evə sarı,
Azırsan amma yolu.
Darıxmaq nədir,
deyim?
- Darıxmaq eyni ada
Təkrar-təkrar dönməkdi.
Hər gün nəfəs alsan da,
Təkrar-təkrar ölməkdi...

QONAQ ET MƏNİ

Bircə dəfə qonaq et
Məni gözəl qəlbinə.
Qalım orda bir günlük,
Bir saatlıq, bir anlıq.
Sığınıb ürəyinə
Kimsəsiz uşaq kimi.
Tərk eləsin məni qəm,
Nura dönsün qaranlıq.

Qonaq et bircə dəfə
məni qara gözünə.
Ordan hərdən boylanım
Yaraşıqlı üzünə.
Kirpiklərin çətirim
Olsun yağış yağanda.
Azım yolumu yenə
Qarasında, ağında.

Qonaq et bircə dəfə
Məni nağıl dünyana,
Sən ağ atlı şəhzadəm,
Mən də olum Şəhrizad.
Cənnətə dönsün birdən
Gözlərimizdə həyat.
Qonaq olum ömürlük
Sənin sevgi yuvana,
Qalım orda həmişə,
Qoy getməyim heç yana.

ÇAĞIR MƏNİ

Hardasan, bir zəng elə,
Yenə sənsiz qalmışam,
De ki, özümə köynək,
Sənə daraq almışam.

Çağır məni, əzizim,
Birlikdə yemək yeyək.
Yemək dadsız olsa da,
“Yaman dadlıdı” deyək.

Çağır məni söhbətə,
Danışaq boş-boşuna.
Ayrılanda deyim ki,
Söhbət gəldi xoşuma.

Bir bəhanə tap yenə,
Bu gun sənlə görüşək.
De ki, çay dəmləmişəm,
Soyumadan gəl içək.

Sonra da bir qorxulu,
Filmə baxaq səninlə.
Qorxum evə getməyə,
Sən də qal bu dəlinlə.

Səhər açılanda de,
Axı bu gün bazardı.
Gəzib bütün şəhəri,
Evin yolun azaydıq.

Yetər ki, çağır məni,
Tut əlimdən, əzizim.
Ömrünün kandarından
Silinməsin heç izim.

KİRPIKLƏRİN QOVUŞMASIN

Dünya boyda sevdim səni,
Dünyanın xətri qalmadı.
Üzüm, gözüm su içində,
Göydən bir damla yağmadı.

Hara getsən, içimdəsən,
Hıçqırıqsan ürəyimdə.
Göz yaşımın izi qalıb
Qəribsəyən, boş çiynində.

Gecələri yerlə göyün,
Çırpınıram qarasında.
Kirpiklərin qovuşmasın,
Mən qalaram arasında.

ÇAĞIRMA

Barmağının ucuna,
toxuna bilmərəm ki,
Toxunsam, qəlbimdəki həsrətinmi bitəcək?
Sənə olan hissimi
söyləyə bilmərəm ki,
Söyləsəm, bu sevginin gözəlliyi itəcək...

Dayanıb boylanıram
pəncərənə sakitcə,
Burda təkcə mən varam,
Bir də sənə həsrətim.
Gecənin qaranlığı, bir gə musiqi səsi,
Kimsə nəğmə söyləyir: “gecikən
məhəbbətim”...

Daha bir də ürəkdən,
çağırma gəl yanına.
Necə gəlim axı mən, qınayar ellər məni.
Səndən xəbərsiz belə,
kölgəni görsəm, yetər,
Mən əsrin Leylisiyəm, gözləyir çöllər məni…
Qoy itim ilim-ilim, aparsın yellər məni...

YANINA GƏLƏCƏM...

Yanına gələcəm qərib bir axşam,
sadəcə, sən hər gün yolumu gözlə.
Gələcəm sakitcə,
bəlkə də, sənin
çoxdan gözlədiyin bir kəlmə sözlə.

Payız axşamında gələcəm, bəlkə,
bir leysan yağışda islansın tənim.
Titrək addımlarla,
gözlərimdə nəm,
gəlib dayanacam qapında sənin.

İsti otağına nəzər salacam,
Deyəcəm, narahat etdim, bağışla.
Sənin toxunduğun doğma əşyalar
Məni salamlayar kövrək baxışla.
Sənə söyləyəcək cox sözüm varkən,
Nitqim quruyacaq, sözlər itəcək.
Beləcə sübhədək susub duracam,
Səhər açılacaq,
nağıl bitəcək...

Yanına gələcəm bir qərib axşam,
Sadəcə, sən hər gün yolumu gözlə.
Gələcəm sakitcə,
bəlkə də, sənin
çoxdan gözlədiyin bir kəlmə sözlə..
DAHA NƏ YAZIM

Daha səndən yazmıram,
Nə yazım ki,bilmirəm.
Hər kəs səni soruşur,
Mənsə susub dinmirəm

Hənirin itib evdən,
Hicran yuyub izini,
Oturmuşam bir küncdə,
Qucaqlayıb dizimi.

Daha səndən yazmıram,
Şaxta vurub ruhumu.
Sən gedəli hər gecə,
Qarışdırram yuxumu.

Axşamlar gəlməyəssən,
İşığı yandıranda,
Ayaqqabın görünməz,
Qapının kandarında.

Axı,nə yazım səndən?
Sən olmayan günlərdən?
Sildin əlimin izin,
O dönük əllərindən.

Bu ev,həyət,bu dalan,
Sızıldayır möhnətlə.
Qonşu qızı boylanmır,
Arxamızca həsrətlə.

Axı nə yazım səndən?
Vida dolu bir roman.
Səndən yoxdur nə sevgi,
Nə də təsəlli uman.

Get qayıtma geriyə,
Vur ömrü mənsiz başa.
Yer yoxdu ürəyimdə,
Sənin tək bağrıdaşa.